BAKI, 11 iyul. TELEQRAF

Jurnalistlər və sosial media influenserləri dekolonizasiya ilə bağlı düzgün məlumatın yayılması və saxta narrativlərlə mübarizədə bir-birini tamamlayan tərəfdaşlara çevrilməlidirlər.

Teleqraf xəbər verir ki, bunu “Voice of Congo” təşkilatının baş nümayəndəsi Sedrik Monzia Aundu “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Sedrik Monzia Aundu qeyd edib ki, influenserlər jurnalistlərin rəqibi deyil, dekolonizasiya ilə bağlı yeni narrativlərin formalaşdırılmasında mühüm tərəfdaş ola bilərlər:

“Jurnalistlər peşəkarlıq, faktların yoxlanılması və araşdırma bacarıqları ilə fərqlənir, influenserlər isə geniş auditoriyaya, xüsusilə gənclərə daha sürətlə çatmaq imkanına malikdirlər”.

O vurğulayıb ki, bu əməkdaşlıq saxta məlumatlarla mübarizəyə, yerli mədəniyyətlərin təbliğinə, unudulmuş icmaların səsinin eşidilməsinə və gənclərin tarixi məsələlər barədə maarifləndirilməsinə töhfə verə bilər:

“Bu əməkdaşlığın uğurlu olması üçün etik prinsiplərə riayət olunmalı, faktların yoxlanılması, mənbələrin dəqiqliyi və insan hüquqlarına hörmət əsas götürülməlidir”.