BAKI, 17 yanvar. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

Teleqraf xəbər verir ki, 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədi ilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

Jurnalistlər üçün qlobal platforma

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksək səviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksək səviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;
canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;
milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;
əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;
innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksək səviyyəli sessiya təşkil olunacaqdır.

Media nümayəndələrinin akkreditasiyası

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.

Akkreditasiyadan keçmək üçün prosedur aşağıdakı kimidir:

Qeydiyyat portalına daxil olmaq;
“World Urban Forum 13” (WUF13) bölməsini seçmək;
Şəxsi hesab varsa, elektron poçt və şifrə ilə sistemə daxil olmaq, hesab yoxdursa, yenisini yaradıb tərəfdaşlıq növü olaraq “media” kateqoriyasını seçmək;
Tələb olunan sənədləri yükləyərək müraciəti göndərmək.

Müraciətlər diqqətlə nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra akkreditə olunan şəxslərə rəsmi bildiriş məktubu göndəriləcək.

Tələb olunan sənədlər:

- Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya pasport. Beynəlxalq media nümayəndələri üçün yalnız pasport;

- Peşəkar fəaliyyətini təsdiq edən sənədlərdən biri: etibarlı jurnalist vəsiqəsi və ya müvafiq tələblərə cavab verən xidməti ezamiyyət məktubu;

- Son dövrlərdə dərc olunmuş iş nümunələri (linklər və ya PDF formatında);

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş beynəlxalq media nümayəndələri akkreditasiya kartını da təqdim etməlidirlər;

- Sərbəst fəaliyyət göstərən (freelance) media nümayəndələri mütləq müvafiq media qurumunun ezamiyyət məktubunu yükləməlidirlər.

Xidməti ezamiyyət məktubu üzrə tələblər:

Media qurumunun rəsmi blankında hazırlanmalıdır;
UN-Habitat-ın Kommunikasiya şöbəsinin rəhbərinə ünvanlanmalı və [email protected] elektron ünvanına göndərilməlidir;
İngilis dili və ya BMT-nin digər rəsmi dillərindən birində tərtib olunmalıdır;
Səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır (nəşriyyat rəhbəri, baş redaktor və ya xəbər agentliyinin direktoru);
Jurnalistin tam adı, vəzifəsi, ezamiyyət tarixləri və WUF13-ü işıqlandırmaq niyyəti açıq şəkildə göstərilməlidir.

Media təlimatları

WUF13 çərçivəsində fəaliyyət göstərən media nümayəndələri üçün aşağıdakı qaydalar tətbiq olunur:

- Tədbir məkanına giriş üçün WUF13 akkreditasiyası kifayətdir; Azərbaycana müvəqqəti gətirilən bütün media avadanlıqları E-gömrük: Elektron Gömrük Xidmətləri portalı -https://e.customs.gov.az/- vasitəsilə, ölkəyə daxil olmadan ən azı 72 saat əvvəl bəyan edilməlidir;

- Ölkəyə giriş zamanı gömrük orqanlarına təqdim olunmalı sənədlər:

- Media akkreditasiyasını təsdiq edən məktub;

- Qonaqlar üçün sadələşdirilmiş gömrük bəyannaməsi.

- Ölkədən çıxış zamanı bu bəyannamə (bəyan edilmiş avadanlıqla birlikdə) gömrük işçilərinə təqdim edilməlidir;

- Pilotsuz uçuş aparatlarının (dronların) ölkəyə gətirilməsinə icazə verilmir;

- Akkreditə olunmuş yayım şirkətləri radioelektron avadanlıqlar üçün müvəqqəti radiotezlik icazəsi almalıdırlar (ətraflı məlumat sonradan təqdim ediləcək);

- İdxal və ixrac qaydaları ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində mövcuddur (səyahətçilər üçün ümumi məlumat bölməsi).

- Tədbir məkanından kənarda çəkiliş aparmaq üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə alınmalıdır. Müraciətlər 15 aprel 2026-cı il tarixinədək [email protected] ünvanına göndərilməlidir.

İctimai yerlərdə (küçələr, meydanlar və s.) foto və video çəkilişinə ümumi icazə verilir. Lakin məkanlara giriş haqqının və digər ödənişlərin əvvəlcədən dəqiqləşdirilməsi media nümayəndələrinin məsuliyyətindədir. Özəl mülklərdə çəkiliş üçün isə müvafiq obyekt rəhbərliyi ilə birbaşa razılaşma tələb olunur.

Əlaqə məlumatları:

Media akkreditasiyası və UN-Habitat nümayəndələri ilə müsahibə üçün [email protected];

Ev sahibi ölkə ilə bağlı sorğular və tədbir məkanından kənar çəkiliş icazələri üçün [email protected];

Yayım avadanlıqları və digər media xidmətləri üçün [email protected];

Əlavə məlumat üçün wuf.unhabitat.org/media səhifələri aktivdir.

Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi imkanlar yaradılacaq.

Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökuməti tərəfindən “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda bu il Bakıda təşkil olunacaq WUF13 şəhərlərin layiqli mənzil təminatı, inklüzivlik və iqlim davamlılığı üzrə həll yollarını araşdıracaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, şəhər rəhbərlərini, ekspertləri və media təmsilçilərini bir araya gətirəcək.

Ümumdünya Şəhərsalma Forumu haqqında

2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.