BAKI, 19 dekabr. TELEQRAF
ANEWZ beynəlxalq xəbər və analitika kanalı “ANEWZ Investigations” adlı yeni redaksiya istiqaməti çərçivəsində hazırlanan “The Oligarch’s Design” sənədli filminin premyerası ərəfəsində bu gün mətbuat konfransı keçirilib.
Teleqraf xəbər verir ki, film xeyriyyəçilik, maliyyə arxitekturası və məqsədli şəkildə qurulan narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıldığını araşdırır. “Anewz” televiziyasının direktoru Rüfət Həmzəyev bildirib ki, sənədli film üzərində işlər bu ilin yanvar ayında başlanıb.
Onun sözlərinə görə, film Ermənistan və Ukrayna da daxil olmaqla müxtəlif ölkələrdə çəkilib və layihənin hazırlanmasında 100-ə yaxın insan iştirak edib. “AnewZ” kanalının baş redaktoru Qay Şoun isə əlavə edib ki, sənədli filmdə heç bir qərəzli və ya məqsədli məlumat yer almır, təqdim olunan bütün məqamlar faktlara əsaslanır. Qeyd edək ki, sənədli film açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyini üzə çıxaran “Troika Laundromat” maliyyə şəbəkəsi ilə bağlı beynəlxalq araşdırmalara əsaslanır.
Filmin faktoloji bazası nüfuzlu beynəlxalq tədqiqat təşkilatları tərəfindən dərc edilmiş materiallar üzərində qurulub.