BAKI, 21 noyabr. TELEQRAF
Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda D-8 Media Mükəmməlliyi Mərkəzinin Konsept Qeydi təqdim edilib.
Teleqraf xəbər verir ki, təqdimatı Media İnkişafı Agentliyinin Beynəlxalq Əlaqələr və Sənəd Dövriyyəsi Departamentinin direktoru Rasim Bağırov edib.
O qeyd edib ki, struktur olaraq, Mərkəz Media Mükəmməlliyi Habı çərçivəsində Azərbaycanda yerləşəcək:
“Hər bir üzv dövlət tərəfindən milli koordinatorlar təyin olunacaq. Bu milli koordinatorların əməkdaşlığı Məsləhət Şurası yaradacaq və bu şura strategiyasını və planlaşdırmasını istiqamətləndirəcək. Təbii ki, icraçı direktor mərkəzin əməliyyatlarını və hesabat verməsini idarə edəcək.
Maliyyələşdirmə baxımından, təşəbbüsün müəllifi kimi Azərbaycan əməkdaşlıq xərclərini əhatə edəcəyini artıq bəyan edib, lakin üzv dövlətlər könüllü şəkildə layihəyə spesifik təşəbbüsləri dəstəkləyə və xarici maliyyələşdirməni cəlb edə bilərlər. Mərkəzin iştirak edəcəyi əsas fəaliyyətlər arasında informasiya mübadiləsi, birgə media layihələri və təşəbbüsləri, həmçinin bacarıqların artırılması üzrə təlimlər, seminarlar və inkişaf proqramları yer alır”.
O əlavə edib ki, D-8 Media Mükəmməlliyi Mərkəzinin məqsədi səkkiz ölkə arasında media əməkdaşlığını birləşdirmək və gücləndirmək, regional və qlobal məsələlərdə koordinasiyalı səslə çıxış etməyi təmin etməkdir.
“Eyni zamanda, peşəkar bacarıqları artıracaq, bölgədə məsuliyyətli və innovativ media praktikalarını təşviq edəcək, dezinformasiyaya daha məhsuldar və effektiv şəkildə qarşı çıxmağa kömək edəcək və D-8-in qlobal təsirini gücləndirəcək.
Bu mərkəz koordinasiyalı media əməkdaşlığını möhkəmləndirir. Burada əsas mövzulardan biri, bacarıqların inkişafı, ən yaxşı təcrübələrin paylaşılması və məsuliyyətli jurnalistika üçün vahid platformanın olmamasının həll edilməsidir”.