BAKI, 7 noyabr. TELEQRAF
Zəfərin 5 illiyi münasibətilə “OBA” marketlər şəbəkəsi Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla anıb.
Teleqraf xəbər verir ki, bu münasibətlə şəhid əməkdaşların adını daşıyan filiallarda ehsan mərasimləri təşkil olunub, həmçinin onların xatirəsinə həsr edilən “Obamızın müzəffərləri” adlı videoçarx ictimaiyyətə təqdim edilib.
Videoda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “OBA” əməkdaşlarının həyat hekayələri, Vətənə olan sevgiləri və göstərdikləri igidliklərdən bəhs olunur.
Bundan əlavə, Zəfər Günüylə bağlı “OBA” tərəfindən şəhid əməkdaşların ailələri ziyarət olunub. “OBA” ailəsi üçün bu ziyarətlər təkcə borc deyil — bu, şəhidlərimizin ailələrinə mənəvi dəstək göstərmək və onların xatirəsini yaşatmaq missiyasıdır.