BAKI, 24 sentyabr. TELEQRAF
“Əli və Nino Qrup” MMC-nin rəhbəri Nigar Köçərli kitab mağazaları şəbəkəsinin ləğv olunduğu barədə yayılan xəbərlərə münasibət bildirib.
Nigar Köçərli Teleqraf-a açıqlamasında yayılan məlumatları təkzib edib: "2014–2015-ci illərdə hər yeni mağazamız ayrıca VÖEN-lə fəaliyyət göstərirdi. Lakin sonradan həm vergi orqanlarının tələbləri, həm də idarəetmənin daha rahat və çevik həyata keçirilməsi baxımından bütün mağazaların vahid VÖEN altında fəaliyyət göstərməsinə qərar verdik. Hazırda bütün mağazalarımız vahid VÖEN əsasında fəaliyyət göstərir. “Əli və Nino Yayım” MMC şirkətimizin rəsmi VÖEN-idir və dövlət qurumları ilə bütün müqavilələrimiz məhz bu VÖEN əsasında bağlanıb. Altı-yeddi il əvvəl əvvəlki VÖEN-lərimiz ləğv edilib. VÖEN-in ləğvi prosesi müəyyən qədər uzun çəkən inzibati prosedurdur və hazırda da həmin proseslə bağlı müvafiq prosedurlar davam edir. Burada söhbət mağazaların bağlanmasından deyil, artıq zəruri olmayan köhnə VÖEN-lərin ləğv edilməsindən gedir. Fəaliyyətimiz davam edir və oxucularımızı yeni kitablarla sevindirməyə davam edəcəyik".
N. Köçərli onu da əlavə edib ki, “Əli və Nino Qrup” MMC-nin qanuni təmsilçisi kimi təqdim edilən Qəzənfər Abbasov VÖEN-i ləğv edən şirkətin nümayəndəsidir: "Biz ona etibarnamə vermişdik”.