BAKI, 24 sentyabr. TELEQRAF

"Xaqani Şirvani ədəbi irsi Qərb tədqiqatçılarının elmi-nəzəri fikrində" adlı məqaləm 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat məcmuəsi"ndə dərc olunub. Məqalədə Xaqani Şirvani yaradıcılığının Qərbdə öyrənilməsi və bu istiqamətdə fəaliyyət göstərmiş müxtəlif tədqiqatçıların elmi fəaliyyəti araşdırılıb.

Bunu Teleqraf-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Leyli Əliyeva şair-filosof, nasir Xaqani Şirvaninin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələrindən danışarkən deyib.

Leyli Əliyeva Xaqani Şirvaninin həyat və yaradıcılığının ingilisdilli ədəbiyyatda öyrənilməsi ilə bağlı araşdırma aparıb.

Onun sözlərinə görə, Xaqani Şirvani Şərq poeziyasının Qərb şərqşünasları üçün ən çətin oxunan və anlaşılması mürəkkəb şairlərindən biridir: "Hətta bəzi Qərb şərqşünaslarının yaradıcılığında Xaqaninin Nizami Gəncəvidən də çətin anlaşılan şair kimi qiymətləndirildiyi qeyd olunur.

Tədqiqat zamanı Xaqani Şirvaninin əsərlərinin ingilis dilinə edilmiş tərcümələri araşdırıb və onların orijinal mətnlərlə müqayisə etmişəm. Xaqani Şirvaninin əsərləri XVIII əsrdən tərcümə edilməyə başlanılıb. Onun məktubları ərəb dilindədir, ingilis dilinə tərcümə edilməyib. Farsca qəzəl və qəsidələri isə ingilis dilinə tərcümə edilib.

İngilisdilli ədəbiyyatda Xaqani Şirvani türk şairi kimi təqdim edilmir, əsasən fars şairi kimi göstərilir. İstər Nizami Gəncəvi, istər Fələki Şirvani olsun, onlar da fars şairləri kimi təqdim ediliblər. Bu yanaşma bu gün də tədqiqatlarda öz əksini tapır. Amma biz bu fikirləri təkzib etmişik və bildirmişik ki, Xaqani Şirvani İran şairi deyil, Azərbaycan şairidir. Xaqaninin əsərlərində türk xalqına aid ifadələrin işlədilməsi xüsusi diqqət çəkir. Bu isə Xaqaninin türk şairi olması ilə bağlı mühüm sübutlardan biridir. Buna sübut kimi onun qəsidələrində türk xalqına məxsus ifadələrdən istifadə etməsini göstərmək olar. Mən öz araşdırmalarımda bunu konkret nümunələrlə göstərmişəm.

Qərb şərqşünasları Xaqani Şirvanini Azərbaycan ədəbiyyatında olduğu kimi, əsasən saray ədəbiyyatının nümayəndəsi kimi təqdim ediblər. Həmin dövrdə yaşamış şairlərin əksəriyyəti saray şairləri kimi qeyd olunur. Xaqani Şirvani məddah şairlərdən tamamilə fərqli olaraq, sarayda xidmət etsə də, həmişə öz sözünü deyib. Onun “Həbsiyyə”sinin yaranması da bunun göstəricisidir. Xaqani digər şairlər kimi saray qarşısında boyun əyməyib.

Xaqaninin “Həbsiyyə” şeirindən müəyyən hissələr ingilis dilinə tərcümə edilib. Eyni zamanda “Töhfətül-İraqeyn”, “Şiniyyə” qəsidəsi və “Mədain xərabələri” kimi əsərləri də tərcümə olunub.

Onun əsərləri orijinala müəyyən qədər yaxın şəkildə tərcümə olunub. Mən apardığım araşdırmalarda həmin tərcümələri orijinallarla müqayisə etmişəm və müəyyən fərqliliklərin olduğunu müəyyənləşdirmişəm. Mənim nəzərimdə Xaqani əlçatmaz, mistik və çox mürəkkəb bir şairdir".

Leyli Əliyeva qeyd edib ki, Azərbaycan alimi Qafar Kəndli-Herisçinin “Xaqani Şirvani: həyatı, dövrü və mühiti” adlı kitabında onun həyat və yaradıcılığı dolğun şəkildə verilib: "Xaqanini tam başa düşmək və yaradıcılığını dərindən təhlil etmək üçün müqəddəs Qurani-Kərimi, İslam dəyərlərini və dini terminologiyanı yaxşı bilmək lazımdır. Çünki onun şeirlərində elə termin və ifadələrdən istifadə olunur ki, həmin anlayışların mahiyyətini İslam mədəniyyətini və dini mətnləri bilmədən tam şəkildə açmaq mümkün deyil".

Alim vurğulayıb ki, Xaqaninin əsərləri poetik şəkildə tərcümə edilib: "Həmin tərcümələri orijinalla müqayisə etdikdə müəyyən fərqliliklər meydana çıxır. Mən apardığım araşdırmalar nəticəsində bu qənaətə gəlmişəm. Xaqaninin anadan olduğu yer və tarixlə bağlı da tədqiqatçılar arasında fərqli fikirlər mövcuddur".

Leyla Əliyevanın bildirdiyinə görə, Qərb şərqşünasları şairin yaradıcılığına böyük maraq göstərib, onun qəsidə və qəzəllərinin, xüsusilə məşhur “Mədain xərabələri” əsərinin müxtəlif tərcümələrini hazırlayıblar: "İlk dəfə ingilisdilli ədəbiyyatda Xaqani Şirvani haqqında məlumat verən şərqşünas Samuel Russo olub. Onun kitabı 1805-ci ildə nəşr edilib. Sir Qor Ausli də Xaqani Şirvani haqqında məlumat verən erkən ingilis şərqşünaslarından biridir. Onun 1846-cı ildə Londonda nəşr olunan əsərində Xaqani haqqında məlumat yer alır. Daha sonra Eduard Qranvill Braun Xaqaninin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Vladimir Minorski Xaqani yaradıcılığının Qərb şərqşünaslığında tədqiqində mühüm yer tutur. Rus tədqiqatçısı Nikolay Xanikovun Xaqani haqqında fransız dilində yazdığı geniş tədqiqat əsəri var. Bu əsər Xaqaninin yaradıcılığının Qərb şərqşünaslığında öyrənilməsi baxımından əhəmiyyətlidir.

Tom Botinq Xaqaninin “Mədain xərabələri” əsərini 1969-cu ildə ingilis dilinə tərcümə edib. Həmin əsər daha sonra Cerom Rayt Klinton tərəfindən də ingilis dilinə tərcümə olunub. Mən bu iki tərcüməni müqayisə etmişəm və apardığım müqayisə nəticəsində Klintonun tərcüməsinin Bötinqin tərcüməsi ilə müqayisədə daha uğurlu olduğunu düşünürəm. Şərqşünas Məhəmməd Şeyyib də Xaqaninin “Qəsidəyi-Şiniyyə” əsərini bütövlükdə ingilis dilinə tərcümə edib.

Son dövrlərdə, xüsusilə 2012-ci ildə Paul Smit Xaqaninin yaradıcılığından müxtəlif nümunələri ingilis dilinə tərcümə edib. O, şairin rübailərindən, qəzəllərindən, qəsidələrindən və digər əsərlərindən müəyyən nümunələri ingilis dilinə çevirib".

Leyli Əliyeva hesab edir ki, bütün bunlar Xaqani Şirvaninin dünyaya təsir göstərməyə qadir bir Azərbaycan sənətkarı olduğunu sübut edir.