BAKI, 9 oktyabr. TELEQRAF

Bakıda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilib.

Teleqraf xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gənclərin qazandığı uğurlara toxunub:

“Azərbaycan qazandığı zəfərdən sonra gənclərimiz də müxtəlif sahələrdə yeni qələbələr qazanıblar. Onlar ölkəmizi müxtəlif beynəlxalq platformalarda, çempionatlarda qürurla təmsil edirlər. Gənclərin öz tarixini və milli-mənəvi dəyərlərini unutmaması çox vacibdir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə vurğulayıb ki, bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. R.Məmmədovun sözlərinə görə, bu çərçivədə əsas məqsəd bilikli və məsuliyyətli vətəndaş yetişdirməkdir:

"Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli, yalnız bilikli deyil, məsuliyyətli, sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən, öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir".

Açılış nitqlərindən sonra "Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət", "Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər" mövzularında panel sessiyalar baş tutub.

Sessiyalarda gənclərin milli-mənəvi irsə bağlılığının möhkəmləndirilməsi, ictimai məsuliyyətinin artırılması və proseslərdə fəal iştirakının təşviqi ətrafında fikir mübadiləsi aparılıb.

***

10:17

Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir.

Teleqraf xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edilib ki, konfransın əsas məqsədi müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, dünyagörüşünün zənginləşdirilməsi və cəmiyyətin fəal üzvləri kimi yetişdirilməsi istiqamətində mövcud yanaşmaların müzakirəsidir.

Tədbir çərçivəsində milli kimlik, vətənpərvərlik, ailə dəyərləri, sosial məsuliyyət və sağlam həyat prinsiplərinin gənclərin tərbiyəsində rolu diqqət mərkəzində olacaq.

Eyni zamanda, onların milli-mənəvi irsə bağlılığının möhkəmləndirilməsi, ictimai məsuliyyətinin artırılması və proseslərdə fəal iştirakının təşviq edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət”, “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyaları baş tutacaq.