BAKI, 22 sentyabr. TELEQRAF
Əməkdar artist Münəvvər Əliyeva Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Münəvvər xanım, yeni teatr mövsümünə Uilyam Şekspirin “Kral Lir” faciəsində Qonerilya obrazı ilə başladınız. Öncə yaratdığınız obrazı şərh eləməyinizi istərdik. Sizcə, Qonerilyanın hakimiyyətə can atması və atasına qarşı sərt davranışları daha çox hakimiyyət hərisliyindən, yoxsa ailədaxili münasibətlərdə formalaşmış emosional-psixoloji ziddiyyətlərdən qaynaqlanır?
- Əslində, bu obraz indiyədək canlandırdıqlarımdan tamamilə fərqlənir. Yaradıcılığımda ilk dəfə belə mənfi xarakterli qəhrəmanı oynayıram. Mən özüm də aktyor sənətində dəyişkənliyi sevirəm və düşünürəm ki, eyni xarakterli obrazlarla kifayətlənmək düz deyil.
Qonerilyanı işləyərkən onun psixoloji dünyasını araşdırmağa xüsusi diqqət yetirdim, üz cizgiləri, davranışları, emosional reaksiyaları, bir vəziyyətdən digərinə keçidi üzərində çalışdım. Çünki məncə, normal insanın atasına və ailəsinə qarşı bu dərəcədə amansız davranması mümkün deyil. Qonerilya öz ambisiyalarına çatmaq üçün atasını, bacılarını, hətta ən yaxın insanlarını belə tapdalaya biləcək xarakterdir. Düşünürəm ki, onun bu davranışlarının arxasında müəyyən psixoloji travmalar və daxili ziddiyyətlər dayanır.
Mən də məhz onun psixoloji problemlərini göstərməyə, daxili dünyasını açmağa çalışıram. Gah atasına yalvarması, gah da tamamilə başqa mövqeyə keçməsi Qonerilyanın nə qədər mürəkkəb xarakterə malik olduğunu göstərir.
Bu obrazla bağlı belə bir məqamı da düşünürdüm: deyilən hər sözə inanmaq olmaz. Kimsə sizə "səni çox istəyirəm" deyə bilər, amma əsas olan söz yox, davranış və əməllərdir.

- Tamaşa öncəsi həyəcan hiss edirsizmi?
- Həyəcan var. Həyəcansız sənət və sevgi olmaz. Daha çox emosiya əslində premyera zamanı olur, dilin-dodağın quruyur. Bu da hesabatdır, məsuliyyətin nəticəsidir. Premyeradan sonra isə hər şey tədricən keçib-gedir.
"Kral Lir" bu mövsümdə ikinci tamaşadır. Teatr ənənəvi olaraq mövsümü "Qarabağnamə" ilə açır. İstirahətdən sonra iş rejiminə adaptasiya olmağa başlayırıq. Bu, xoş və gözəl həyəcandır.
- Sənət adamları səhnədən uzun müddət uzaq qala bilmirlər. Maraqlıdır, istirahət zamanı səhnə üçün darıxsınızmı?
- Doğrudan da sənət adamı üçün səhnədən kənar həyat çox çətindir. Xalq artisti Fuad Poladov dünyasını dəyişəndə belə bir fikir səsləndirmişdim: "Fuad Poladov indi yox, bir il əvvəl səhnədən gedəndə dünyasını dəyişib". Çünki bir aktyoru öldürmək istəyirsənsə, onu səhnədən uzaqlaşdır...
Heç kim fizioloji aclıqdan ölmür. Amma səhnədə aldığın mənəvi qidanın, həyatda deyə bilmədiyin sözləri ifadə etməyin, insanlardan və yaşadıqlarından aldığın zərbələri sənət vasitəsilə içindən çıxarmağın əvəzini heç nə verə bilməz. Səhnə insanın içində topladığı duyğuları ifadə edə bildiyi yeganə məkandır. Yəni mənim azadlığım oradadır - səhnədə...
Onsuz da səhnədən düşüb getdikdən sonra insan istər-istəməz özünü çərçivələrə salır. Aktrisa olduğum üçün gündəlik həyatımda özümə müəyyən məhdudiyyətlər qoyuram. “Aktrisayam, bunu etmək olmaz, bunu göstərməməliyəm” deyə özümü daim nəzarətdə saxlayıram. Mən tənhalığa, daxili dünyama çəkilməyə meyilliyəm. İstirahət üçün seçdiyim məkanlar da əsasən səs-küydən uzaq, təbiətlə iç-içə, sakit yerlər olur. İnsan təklikdən darıxmır, amma səhnəsiz yaşamaq qeyri-mümkündür!
- Müsahibələrinizin birində aktyorun obrazı dərindən mənimsəməsində mütaliənin, araşdırmanın mühüm rol oynadığını vurğulamısınız...
- Bəli, mən obrazımı mütləq dərindən öyrənirəm. Bir obrazı oynayanda o adamın haradan gəlib, hara gedəcəyini bilməliyəm. Məsələn, natura olaraq Qonerilyadan tamamilə uzaq insanam. Mən özüm hər şeyi içimə salan, deməyən, qapalı biriyəm. Səhnədə isə belə deyiləm. Ona görə də mütləq şəkildə, istər Qonerilya, istər Dilbər, istər Şükriyyə olsun, təfərrüatlarını bilməyə çalışıram.
Mən nə Mikayıl Müşfiqin Dilbərini, nə də Əhməd Cavadın Şükriyyəsini sağ görmüşəm. Onlar sağ olsaydılar, müşahidə edər, gözlərinə, iç dünyalarına qərq olardım. Bilgi toplamaq, mütaliə etmək bir obrazı canlandırmaqda mühüm amillərdəndir.

- Bu xüsusiyyəti gənc aktyorlarımızda görürsünüzmü?
- Teatrımızda çox yaxşı gənc aktyorlar yetişir. “Kral Lir” tamaşasında da aktyor heyətinin yarısından çoxu gənclərdən ibarətdir. Gənc aktyorlara dəstək oluruq. Özümüz bildiklərimizi - əgər kimsə dinləmək istəyirsə, - paylaşmaqdan çəkinmirik. Bəzən gənclər iddialı olurlar. Mən özüm də elə idim.
Tələbəlik vaxtı, İncəsənət Universitetinə oxuyanda özünü xalq artisti hiss edirsən. Oxuduqca əməkdar artist pilləsinə düşürsən, institutu bitirəndə isə deyirsən ki, mən heç kiməm.
Teatrda təhsil və təcrübə arasında böyük fərq var. Sən özün sərbəst olmağa, axtarmağa və öyrənməyə başlayırsan. Bizim sənətimiz elədir ki, ömür boyu axtarışda olmalıyıq.
- Azərbaycan teatr sənətində cəsarətli obrazları ilə seçilən aktrisalardan birisiniz. Oynadığınız bəzi rollar başqa aktrisaların ifasında fərqli qarşılanacağı halda, sizin yaradıcılığınıza hörmət və peşəkar münasibət qazandırıb. Bunun əsas səbəbini nə ilə izah edərdiz?
- Sizinlə bir xatirəmi bölüşüm: mərhum Xalq artisti Aygün Bəylər ən yaxın rəfiqəm idi. Allah ona rəhmət eləsin. “Qatil” tamaşasından şəkillərimə baxıb hirsləndi, o zaman tamaşadan fotolar sosial şəbəkələrdə çox paylaşılmışdı, dedi ki, niyə belə rollaroynayırsan, bu, düzgün deyil. Sən dost, qohum-əqrəba düşünmürsən!
Onun xətrini çox istəyirdim, amma sözümü dedim və onunla bir müddət küsülü qalmalı oldum. Dedim, mən bu sənəti seçəndə, xüsusilə mənim dövrümdə, çox böyük çətinliklərdən keçmişəm. Ailəm, qardaşım bu sənətə gəlməyimə razı deyildi. Mən bu peşəyə gələn yolda çox şeydən keçməli oldum, müəyyən mənada qurbanlar verdim. Əgər bütün bunları sənətim naminə etmişəmsə, bu gün də müəyyən obrazları oynamaqdan çəkinmərəm.
Qeyd etdiyiniz kimi, açıq-saçıq səhnələr oynasam da daim peşəkar münasibət və hörmətlə qarşılanmışam. Başqa biri elə də açıq-saçıq olmayan balaca bir obraz canlandırır, yaxşı qarşılanmır. Əsas məsələ obrazı düzgün anlayıb, tamaşaçıya düzgün çatdırmaqdır.
- İfa etdiyiniz obrazlar həyat yoldaşınızda qısqanclıq və ya narahatlıq yaratmır ki?..
- Ailə quranda elə insan seçdim ki, məni və sənətimi dəstəkləsin. Məni istəyənlər çox idi, amma sənətimə görə “daha işləməyəcəksən” şərtini qoyurdular. Mən bu cür xeyli çətinliklərdən keçmişəm, bir növ imtahanımı vermişəm. Həyatımda böyük problemlər olub, qardaşım məni qəbul etməyib. Amma mənim üçün sənət ilk yerdə dayanıb. Həyat yoldaşı seçimində elə birini üstün tutdum ki, sənətimi qəbul etsin, sənətimə hörmətlə yanaşsın və mənə mane olmasın.
- Ailə qurarkən həyat yoldaşınızın sənət və peşə fəaliyyətinizə dəstək olacağına verdiyi sözü sonrakı illərdə də tutdumu?
- Övladım dünyaya gəldikdən sonra müəyyən məqamlar oldu... Həyat yoldaşım dedi ki, evdə otur, uşağına bax, teatrdan aldığın maaşın 15 qatını verirəm. Mən bundan imtina etdim, çünki sənətsiz yaşaya bilmərəm. Həyat yoldaşım da fikirlərimə hörmətlə yanaşdı və qəbul etdi. Seçim qarşısında qalsaydım, yenə sənətimi seçərdim.
- Tamaşaçı tərəfindən ən çox sevilən, tənqidçilər tərəfindən daha çox müzakirə olunan və peşəkar yaradıcılığınızda dönüş nöqtəsi hesab etdiyiniz obrazlarınız hansıdır?
- “Qatil” tamaşaçılar arasında böyük ajiotaj yaratmışdı. Həmin dövrdə də, elə bu gün də teatr vasitəsilə tanınmaq çətindir. Efir sənətçinin daha geniş auditoriyaya tanıdılmasında mühüm rol oynayır. Amma “Qatil” tamaşası o qədər geniş müzakirə olundu ki... Tamaşanın ilk hissəsi başdan-ayağa qadın-kişi münasibətlərinin ön planda olduğu sevgi səhnələrindən ibarət idi. İkinci hissə isə yaşanmış sevginin cavabıdır.
Tamaşada ön planda olan sevgi münasibətləri, yataq səhnəsi insanlarda ajiotaj yaratdı. Dostlarım, tanışlarım arasında tamaşanın birinci hissəsindən zalı tərk edənlər, məndən küsüb inciyənlər oldu. Amma zalı tərk edənlər tamaşanı anlayanda geriyə, tamaşa salonuna qayıtmağa başladılar. Hətta tamaşanı tam izləyib ikinci dəfə gələnlər də oldu. "Qatil"ə 27 dəfə baxan tamaşaçı vardı. Tənqidi yanaşmasına görə sonra məndən üzr istəyən jurnalistləri də qeyd edə bilərəm.
Teatrşünas və tənqidçilər tamaşa haqqında dəyərli yazılar yazdılar, bu, mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Həmin dövrdə mağazaya belə gedəndə deyirdilər ki, “Qatil”dəki qız budu... “Medeya” tamaşasında da oxşar hadisə yaşandı.

- Obrazlarınız arasında sizin üçün xüsusi yeri olanı hansıdır?
- Mən bütün obrazlarımı sevirəm. Əks halda onu oynaya bilmərəm. Məsələn, “Hələ sevirəm deməmişdilər” tamaşasında Sonanı çox sevmişəm. Həmin obrazı tamaşaçılar da böyük maraqla qarşıladı və geniş əks-səda yaratdı. “Köhnə ev”də yaratdığım Cananı böyük sevgi ilə xatırlayıram.
Bu gün keçmiş tamaşalarımı xəyalən seyr edəndə bir daha əmin oluram ki, hər obrazıma böyük sevgi və məsuliyyətlə yanaşmışam. Əgər rejissor işİ, onun yaradıcılıq yanaşması mənə rahatlıq verirsə, tamaşanı da, obrazı da sevirəm. Yox, qərəzli yanaşma olursa, həmin tamaşadan uzaqlaşıram.
Sevdiyim rollarım çoxdur. Hesab edirəm ki, hər dövrün öz tamaşası və öz obrazı var. Mənim obrazlarım - mənim övladlarım kimidir. Onları mən yaradıram, onlara səhnədə mən həyat verirəm.
- Tamaşa başa çatdıqdan sonra obrazın psixoloji təsirindən çıxmaq və gündəlik həyata qayıtmaq çətinliyi barədə nə deyərsiniz?
- Təbii, hər tamaşadan sonra obrazın təsirindən çıxmaq asan olmur. Məsələn, “Qatil”də canlandırdığım obrazın aurasından uzun müddət çıxa bilmirdim. Ümumiyyətlə, o tamaşa həyatımı müəyyən mənada alt-üst etdi. Orada yaşadığım hisslər və keçirdiyim emosiyalar mənim üçün çox fərqli idi.
“Medeya”da da obrazdan çıxmaq asan olmadı. Ümumiyyətlə, canlandırdığım rolların əksəriyyəti emosional-psixoloji baxımdan ağır obrazlardır. Sanki qismətimə faciəvi rollar düşür. “Medeya”dan sonra isə xüsusilə susmaq, bir müddət tək qalmaq istəyirdim.
Bununla yanaşı, hər tamaşadan sonra özümə hesabat verirəm: obrazı necə oynadım, hansı məqamlar uğurlu alındı, harada daha yaxşı ola bilərdim?..
- Aktrisa üçün yaş amili yaradıcılıq baxımımdan məhdudiyyət, yoxsa yeni imkanlar deməkdir?
- Yaş faktoru bəzən aktrisa üçün maneəyə çevrilir, bəzən isə əksinə, yeni imkanlar açır. Məsələn, elə aktrisalar var ki, gənclik illərində kifayət qədər aktiv fəaliyyət göstərməyiblər, amma müəyyən yaşdan sonra yenidən çiçəkləniblər. Ard-arda filmlərə, seriallara və tamaşalara dəvət alıblar. Belə hallarda yaş amili həmin aktrisa üçün daha çox üstünlüyə çevrilib. Elə də aktrisa var ki, əksinə... Məsələn, mənim üçün müəyyən məqamlarda yaş faktoru maneədir.
- Bir insan kimi özünüzdə dəyişmək istədiyiniz hər hansı xüsusiyyətiniz varmı?
- Var. Mərhəmətli olmağımı və insanlara tez inanmağımı dəyişmək istərdim. Bəzən bu xüsusiyyətlərim mənim üçün çətinliklər yaradır.
- Məhz bu xüsusiyyətlərinizə görə problem yaşamısınız?
- Bəli, indi də problemlər yaşayıram... Mərhəmətli olmağımdan və hər şeyə insani münasibətimdən istifadə edənlər olur. Mən adətən qarşımdakına empatiya ilə yanaşıram. Amma o, mənim kimi düşünürmü? Xeyr. Deməli, elələrinə inanmaq lazım deyil. İnsanlara çox yaxşılıqlar etmişəm, amma əvəzində zərbə görmüşəm.

- Teatrın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Bu gün teatrda özümüzü daha azad və rahat hiss edirik. Əvvəllər repressiya dövrü yaşayırdıq... İndi isə bizə hörmətlə yanaşılır, kollektiv daxilində münasibətlər müsbətə doğru dəyişib. Hamımız bir-birimizi daha çox sevməyə və dəyərləndirməyə başlamışıq.
Kollektivdə mehribanlıq və qarşılıqlı hörmət hökm sürür. Teatrımızda belə sağlam və xoş mühitə şükürlər olsun.
- Hələ də yaradıcılıq baxımından arzuladığınız və axtarışda olduğunuz obraz varmı?
- Axtarışında olduğum, yaratmaq istədiyim obrazlar, bəli, var. Ən böyük arzum yaradıcı insan olaraq tükənməmək, daim yeni obrazlar yaratmaqdır. Paslanmayım....
- Bir qadın və sənətkar kimi həyatınıza nəzər salanda özünüzü nə dərəcədə xoşbəxt hiss edirsiniz?
- Xoşbəxtlik mənim üçün anlardan ibarətdir. Premyera zamanı, tamaşanı təhvil verəndə çox xoşbəxt oluram. Məşq prosesində də özümü xoşbəxt hiss edirəm. Beynimdə məişət problemləri silinir, bütün diqqətim obraza yönəlir. O an yalnız obrazı düşünürəm və bu, mənə xoşbəxtlik hissi yaşadır.
İş olmayanda isə xoşbəxt anlar qeyb olur. Mən xoşbəxtliyi kənarda yox, öz içimdə axtarıram. Mənim üçün iş varsa, xoşbəxtəm, iş yoxdursa, bu, bədbxtlik kimi bir şeydir.
- Sənət yolunuzda tamaşaçı sevgisini, diqqətini və sizə olan münasibəti hiss etmisinizmi?
- Düzü, bəlkə də bu, bir qədər xarakterimdən irəli gəlir. Mən elə insan deyiləm ki, hər hansı rolu oynayandan sonra tamaşaçıların mənə yaxınlaşıb, xüsusi münasibət göstərməsini gözləyim. Bəzi aktyorlar var ki, onları sevənlər tamaşadan sonra gül-çiçəklə qarşılayırlar. Məndə belə hallar çox olmayıb. Mənim xarakterim bir qədər fərqlidir. Mən daha çox səhnədə yaratdığım obrazla danışmağı, özümü sənətim vasitəsilə ifadə etməyi seçmişəm.
- Həyatda deyə bilmədiyiniz, amma səhnədə ifadə etmək istədiyiniz sözlər çoxdurmu?..
- O qədərdi ki... Allah mənə imkan versin, zamanla onların hamısını səhnədə deyə bilim. Sənətdə olmağımızın əsas səbəblərindən biri də budur: həyatda deyə bilmədiklərimizi səhnədə demək...
- Sənət yolunuzda “kaş ki” dediyiniz hallar çoxdurmu?
- “Kaş ki"lər həmişə olur. Nə qədər "kaş ki" demiş olsam da, sənət yolumda zəhmətlə, halallıqla bu günə gəlmişəm. Mən sənətimə o qədər təmiz hisslərlə yanaşdım, düşündüm ki, həyatda çirkləndinsə, heç vaxt səhnədə təmiz obraz yarada bilməzsən...
FOTO: Elnur Muxtar
