BAKI, 9 oktyabr. TELEQRAF
Azərbaycanda gənclər arasında vəkillik peşəsinə maraq getdikcə artır.
Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı "EYBA Autumn Conference 2026" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, gənc vəkillər peşənin müasirləşdirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verirlər.
"Onların peşəkar inkişafı və vəkillik fəaliyyətində fəal iştirakı daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Vəkillər Kollegiyasına qəbul olunan vəkillərin böyük əksəriyyətini gənc vəkillər təşkil edir. Vəkillər Kollegiyasının nəzdində Gənc Vəkillər Komitəsi fəaliyyət göstərir. Komitə gənc vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların fəal iştirakının təşviq edilməsi və vəkillik peşəsinin gələcəyinə töhfələrinin artırılması üçün xüsusi platforma rolunu oynayır", - o vurğulayıb.