BAKI, 9 oktyabr. TELEQRAF

Norveç Nobel İnstitutu 2026-cı il Nobel Sülh Mükafatı üçün ümumilikdə 287 namizədin qeydə alındığını açıqlayıb. Onlardan 208-i fiziki şəxs, 79-u isə təşkilatdır.

Teleqraf xəbər verir ki, bu barədə “Time” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın İranla müharibəsi artıq səkkizinci aydır davam etdiyindən, ictimai rəy sorğuları onun bu il mükafatın əsas namizədi olma ehtimalının aşağı olduğunu göstərir.

Sudanın Fövqəladə Hallara Müdaxilə Mərkəzləri Nobel Sülh Mükafatının əsas namizədlərindən biri hesab olunur. 2023-cü ilin aprelində Sudanda vətəndaş müharibəsi fonunda humanitar böhran daha da dərinləşib. Yerli icmanın dəstəyi ilə fəaliyyət göstərən xeyriyyə təşkilatı əhaliyə tibbi yardım, ərzaq dəstəyi, təhsil xidmətləri göstərir və mülki əhalinin müdafiəsini təmin edir. “Polymarket”in məlumatına əsasən, təşkilatın mükafatı qazanmaq ehtimalı 17 faizdir.

Kanada Baş naziri Mark Karni ötən ilin aprelində ABŞ ilə kəskinləşən ticarət münaqişəsi və Vaşinqtonun Kanadanı ilhaq etmək təhdidləri fonunda vəzifəsinin icrasına başlayıb. O, Çin və Avropa ilə yeni ticarət və diplomatik əlaqələr qurmağa nail olub və bununla da ölkəsinin ABŞ-dən asılılığını azaldıb. Bununla belə, Karninin Nobel Sülh Mükafatını qazanmaq ehtimalı 1 faiz qiymətləndirilir.

Roma Papası XIV Leonun da mükafatı qazanmaq ehtimalı 1 faizdir. O, 2025-ci ilin aprelində Katolik Kilsəsinin rəhbəri seçildikdən sonra qlobal əməkdaşlığın qurulması istiqamətində fəal səylər göstərir. Papanın dəfələrlə sülhə çağırış etməsi, o cümlədən Qəzza zolağındakı vəziyyətə diqqət yetirməsi müəyyən təsir göstərib, hətta Ağ Evin rəhbərinin tənqidinə səbəb olub.

Nikolay Kuleba 2014-cü ildə Ukraynada müharibənin başladığı dövrdə “Ukraynanı Xilas Edin” təşkilatının təsisçilərindən biri olub. Təşkilatın fəaliyyəti 2022-ci ildə daha da əhəmiyyət qazanıb. Müharibə zamanı itkin düşmüş ukraynalı uşaqların taleyi təşkilatın humanitar fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Hazırda Kulebanın mükafatı qazanmaq ehtimalı 9 faizdir.

Rusiya müxalifətinin mərhum lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da Nobel Sülh Mükafatına namizədlər sırasında yer alır. Onun mükafatı qazanmaq ehtimalı 5 faiz qiymətləndirilir.