BAKI, 24 sentyabr. TELEQRAF
Xaqani Şirvani Azərbaycan ədəbiyyatında və milli-mədəni irsimizin inkişafında elə bir yerə sahibdir ki, həmin mövqeyi başqa heç bir şair və ziyalı tutmayıb.
Bunu Teleqraf-a açıqlamasında Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov şair-filosof, nasir Xaqani Şirvaninin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələrindən danışarkən deyib.
Akademikin sözlərinə görə, Qətran Təbrizidən başlayan, Nizami Gəncəvidə zirvəyə çatan farsdilli Azərbaycan ədəbiyyatında Xaqani Şirvaninin özünəməxsus yeri var: "Onun özünəməxsusluğu, fikrimcə, iki cəhətlə ölçülür. Birincisi, üsyankarlılığıdır. Xaqani Şirvani dövrünü, zəmanəsini, ictimai münasibətləri, istər dini sxolastika, istərsə də dövlət idarəçiliyi ilə bağlı məsələlərdə qəbul etməyən, bunlara etirazını sənətində ifadə edən böyük sənətkardır.
İkincisi, Xaqani mütəfəkkir-filosof sənətkardır. O, dövrünün və zamanının təhlilini verən, insanın dünyadakı yerini, cəmiyyətdəki mövqeyini düşünən şairdir. Bunlar onun XII əsr Azərbaycan ədəbi mühitində fərqlənən başlıca xüsusiyyətləridir. Yəni Xaqaninin yaradıcılığını səciyyələndirən əsas cəhətlər üsyankarlıq və dərin mütəfəkkir baxışlarıdır.
Xaqaninin həyatı və tərcümeyi-halı da bu xüsusiyyətlərin formalaşmasına imkan verib. O, savadlı və ziyalı bir insan kimi normal yaşamaq, sənətkar fəaliyyətini davam etdirmək üçün Şirvanşahlar sarayında özünə mötəbər mövqe tutmuşdu. Hətta o dövrün böyük şairləri də ona müəyyən mənada kömək edirdilər. Şirvanşah da ona xüsusi qayğı ilə yanaşırdı. Bütün bunlara baxmayaraq, Xaqani həyatı rahat keçsin deyə öz əqidəsindən imtina etmədi. Məkkə ziyarətinə getdi və bir daha Şirvana qayıtmadı. Bu səfər onun üçün xüsusi əhəmiyyət daşıdı. Çünki o, dünyanı və hadisələri gördü, Mədain xarabalıqlarını ziyarət etdi və bunun nəticəsində “Töhfətül-İraqeyn” kimi əsər meydana gəldi.
Bundan əvvəl də Şirvanşahlar mühitində etirazlarına görə həbs edilmiş, həbs həyatının izlərini “Həbsiyyə” əsərində əks etdirmişdi. Ardınca Mədain xarabalıqları, “Töhfətül-İraqeyn”, eləcə də ərəbcə yazdığı epistolyar üslublu məktublar, bütün bunlar şairin həyatında yaşadığı çətinliklərin, keçirdiyi sarsıntıların bədii ifadəsidir.
Mən deyərdim ki, Xaqani qədər həyatını, yaradıcılığını və sənətkar mövqeyini riskə atan ikinci bir şəxs Azərbaycan ədəbiyyatı mühitində olmayıb".
Nizami Cəfərov vurğulayıb ki, Xaqani Şirvaninin klassik əsərlərində yaşadığı dövrün ictimai-siyasi və mənəvi mənzərəsi, eləcə də şairin üsyankar ruhu və müdrik dünyagörüşü öz əksini tapıb:
"Dövrün ictimai-siyasi və mənəvi münasibətlərinin ən çevik, hətta müəyyən mənada publisistik ifadəsini Xaqani yaradıcılığında görürük. Bu əhval-ruhiyyə Nizamidə də var. Fikrimcə, Nizami Xaqanidən az üsyankar, çox müdrikdir. Bu, onların yaradıcılığındakı əsas fərqlərdən biridir. Xaqanidə düşüncə və təfəkkür güclüdür, Nizamidə epik vüsət daha genişdir. Xaqani də türk şairidir, amma onun yaradıcılığında türklük Nizamidəki qədər qabarıq görünmür. Ola bilsin, bu, onların yetişdikləri mühitlə bağlıdır, Xaqanidə Şirvanşahlar, Nizamidə Gəncə mühitidir. Bu baxımdan onlar müəyyən qədər fərqlənirlər. Bununla belə, Nizami Xaqanini çox sevib və onu yüksək qiymətləndirib.
Hətta belə bir rəvayət var, Xaqani dünyadan köçəndə Nizami deyib ki, “kaş mən ondan əvvəl dünyadan köçəydim və mənim haqqımda mərsiyəni o, yazaydı, mən onun haqqında yox”. Əlbəttə, Nizami Gəncəvi Xaqanidən xeyli gənc idi. Amma bu rəvayət Nizaminin Xaqaniyə münasibətinin və onun sənətinə verdiyi yüksək qiymətini ifadə edirdi".
Akademik əlavə edib ki, Xaqanini ən yaxşı araşdıran tədqiqatçılardan biri Qafar Kəndli-Herisçidir: "Onun tədqiqatlarının üzərindən artıq 50 ildən çox vaxt keçib. Hesab edirəm ki, Xaqani müasir elmi səviyyədə yenidən araşdırılmalıdır. Bizim əsas problemlərimizdən biri farsdilli poeziyanı araşdıran mütəxəssislərin sayının çox olmamasıdır. Mən həmişə düşünmüşəm ki, bu istiqamətdə daha intensiv şəkildə Güney Azərbaycandan olan tədqiqatçılarımız məşğul olmalıdırlar.
Qafar Kəndli Güney Azərbaycandan idi və bu sahəni ona görə dərindən araşdıra bilmişdi. Xaqanini öyrənmək üçün, ilk növbədə, fars dilini yaxşı bilmək, ikincisi, fars şeirinin poetik xüsusiyyətlərinə və ənənələrinə dərindən bələd olmaq lazımdır. Təbii ki, bütün bunlarla yanaşı, türk olmaq lazımdır.
Düşünürəm ki, Xaqaninin araşdırılması dövlətimiz üçün də mühüm məsələlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi qərarı ilə bir çox böyük klassiklərimizin, o cümlədən Xaqaninin irsi dövlət mülkiyyəti elan edilib. Ona görə də bu sahədə tədqiqatların miqyasının genişləndirilməsi vacibdir. Xaqani ilə bağlı hələ çox ciddi məsələlər var və onların hər biri ayrıca elmi araşdırma tələb edir.
Mən istərdim ki, ədəbiyyatşünaslarımız ilk növbədə Xaqaninin üsyankarlığının ədəbiyyatda və ədəbi-ictimai fikirdə nə ifadə etdiyini araşdırsınlar. İkinci mühüm məsələ Xaqaninin XI–XII əsrlər türk-islam intibahındakı roludur. Bu məsələyə xüsusi diqqət yetirsinlər. Bir də Xaqaninin mütəfəkkirliyi ayrıca araşdırılmalıdır. Biz Xaqanidəki mütəfəkkirliyi duyuruq, onun üzərindən keçirik, amma bunu dövrün türk-müsəlman intibahı kontekstində daha dərindən təhlil etməliyik. Məsələn, həmin dövrdə antik fəlsəfə çox dəbdə idi və geniş şəkildə istifadə olunurdu. Antik fəlsəfənin nailiyyətlərinin Xaqaninin yaradıcılığında hansı miqyasda, hansı formada və hansı ideya istiqamətində əks olunmasını araşdırmağa böyük ehtiyac var. Xaqani bu baxımdan çox ciddi elmi material verir.
Xaqani Şirvani Azərbaycan üçün niyə bu qədər doğmadır? Xaqani Şirvanda doğulub, orada böyüyüb, dünyagörüşü formalaşıb. Amma səfərlərdən sonra Təbrizdə yaşayıb. Xaqani Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirən böyük sənətkarlardan biridir. Mən fəxr edirəm ki, Təbrizdə olarkən, illər bundan əvvəl Şairlər məqbərəsində Xaqaninin məzarını da ziyarət etmişəm".