BAKI, 9 oktyabr. TELEQRAF

Zəngin tarixi ənənələrə söykənən hüquq sistemimiz müasir prinsiplərə, beynəlxalq standartlara və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq inkişaf etməkdə davam edir.

Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı "EYBA Autumn Conference 2026" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün həmin inkişaf süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqlar kimi yeni sahələri də əhatə edir.

"Bu da texnologiya və innovasiyanın hüquq peşəsində getdikcə artan əhəmiyyətini əks etdirir. Süni intellekt həyatımızın demək olar ki, bütün sahələrində getdikcə daha mühüm rol oynayır, işləmək, ünsiyyət qurmaq və qərarlar qəbul etmək üsullarımızı dəyişdirir. Onun təsiri artdıqca, bu prosesləri hüquqi müstəvidə müzakirə etmək, eləcə də süni intellektin yaratdığı imkan və çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək xüsusi əhəmiyyət kəsb edir", - sədr vurğulayıb.