BAKI, 18 sentyabr. TELEQRAF
"Xaqani Şirvaninin ərəbcə əsərlərinin tədqiqi ilə məşğul olan alim kimi hazırda onun son illər əlyazmalarda üzə çıxmış iki məktubunun tərcüməsi və elmi araşdırması üzərində çalışıram. Xaqaninin fars dilində 60 məktubu da var".
Bunu Teleqraf-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalova mütəfəkkir şair Xaqani Şirvaninin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələrindən danışarkən deyib.
O bildirib ki, Xaqani Şirvani ikidilli ədəbiyyatın görkəmli nümayəndələrindən biridir: "Xaqaninin yaradıcılığı həm fars, həm də ərəb dillərində qələmə alınmış əsərlərlə zəngindir. Onun haqqında iki kitabım, 40-a yaxın elmi məqaləm dərc edilib. Xaqaninin ərəb dilində yazdığı əsərlərlə bağlı aparılan araşdırmalar nəticəsində bu vaxta qədər elmə 502 ərəbcə beyti məlum idi. Əlyazmalar üzərində tədqiqatlar zamanı daha iki beyt əldə etdim. Beləliklə, hazırda Xaqaninin ərəb dilində yazdığı mənzum əsərlərindən elmə məlum olan beytlərin sayı 504-ə çatır".
Tədqiqatçının sözlərinə görə, Xaqaninin ərəb dilində yazdığı qəsidələrdən birinin kimə ünvanlandığı məsələsi də mənbələrdə müxtəlif şəkildə təqdim olunurdu: "Əlyazmalar əsasında apardığım araşdırma nəticəsində həmin qəsidənin Şirvanşah Axsitana həsr edildiyini müəyyənləşdirdim. Bundan başqa, Xaqaninin ərəb dilində yazdığı iki məktubu da əlyazmalardan aşkar etmişəm. Çünki Xaqaninin ərəb dilində məktubları elmə məlum deyildi.
Hazırda bu iki məktubun Azərbaycan dilinə tərcüməsi üzərində işləyirəm.
Türkiyədə, İrlandiyada, Rusiyada əlyazmalar üzərində apardığım araşdırmalarda şairin ərəb dilindəki leksikonu haqqında məlumat vermişəm. Türkiyədə əlyazmaların kataloqlaşdırıldığı və rəqəmsal formada istifadəyə təqdim edildiyi mühüm elektron resurslarda 41 əlyazma nüsxəsi yer alır. Lakin bu nüsxələrdə Xaqaninin nisbəsi “Gəncəvi” kimi təqdim edilirdi. Mən həmin qurumla əlaqə saxlayaraq bunun düzgün olmadığını, Xaqaninin nisbəsinin “Gəncəvi” deyil, “Şirvani” olduğunu əsaslandırdım. Nəticədə kataloqda müvafiq düzəlişlər edildi.
Bundan başqa, Xaqani Şirvaninin divanının bir nüsxəsi kataloqda ərəb dilində təqdim edilmişdi. Halbuki elmə yalnız ərəb dilində əsərlərdən ibarət ayrıca Xaqani divanı məlum deyil. Bu məsələ ilə bağlı da araşdırma apardım və həmin nüsxəni nəzərdən keçirərkən orada bir neçə qəsidənin yer aldığını, lakin divanın əsasən fars dilində olduğunu müəyyənləşdirdim.
Müşahidələrimi kataloqu hazırlayan quruma bildirdim və təqdim etdiyim əsaslandırmalar əsasında kataloqda müvafiq düzəliş aparıldı".
Elnarə Zeynalova bildirib ki, Xaqani Şirvaninin doğum və ölüm tarixi yenidən araşdırılmalıdır: "Xaqani Şirvaninin doğum və vəfat tarixləri, eləcə də onun bioqrafiyası yenidən tədiqaqata cəlb olunmalıdır. İrlandiyada Çester Bitti Kitabxanasında bir əlyazma var. Orada şairin ölüm və doğum tarixləri fərqli göstərilib".
Elnarə Zeynalova vurğulayıb ki, Azərbaycan ədəbiyyatında Xaqani Şirvani ilə Nizami Gəncəvi arasındakı münasibətlərlə bağlı qəbul etmədiyi bəzi yanaşmalar var: "Mən bu məsələyə fərqli rakursdan yanaşıram. Məncə, Xaqani ilə Nizami müasir olublar, onlardan biri daha cavan, digəri isə yaşlı olub. Onların münasibətləri bəzi alimlərimzin tədiqaqatlarında Nizaminin Xaqaninin ölümünə mərsiyə yazması, vaxtilə görüşmələri, Həccə birlikdə getmələri və dost olmaları kontekstində təqdim edilir. Halbuki iki şair şəxsi münasibət saxlamayıb.
Ümumiyyətlə, Xaqaninin əsərləri yenidən tərcümə edilməli və şərh olunmalıdır. Çünki mövcud şərhlərdə sovet ideologiyasının təsiri var. Həmin şərhlərdə müəyyən nöqsan və boşluqlar mövcuddur".
Elnarə Zeynalova hesab edir ki, milli-mədəni irsimizin mühüm hissəsi olan Xaqani yaradıcılığına yeni elmi yanaşma ilə baxmaq lazımdır:
"Klassik Azərbaycan ədəbiyyatı Şərq ədəbiyyatının bir parçasıdır. Həmin dövrdə Şərqdə gedən əsas ədəbi proseslərdən biri ikidilli ədəbiyyatın inkişafı idi. Səlcuqlar dövründə Şərq ədəbiyyatında ikidillilik mühüm yer tuturdu. Həmin dövrdə şairlər ərəb və fars dillərində divan yaradırdılar. Xaqani də öz yaradıcılığı ilə göstərir ki, Şirvanda doğulmasına baxmayaraq, ərəb və fars dillərini yüksək səviyyədə bilirdi.
Bu dillərdə o, yalnız divan yaratmır, həm də mənzum və mənsur əsərlər yazırdı. Buna görə Xaqani yaradıcılığını həmin dövrün ümumi Şərq ədəbi prosesi və ikidilli ədəbi mühit kontekstində araşdırmaq lazımdır".