BAKI, 17 sentyabr. TELEQRAF
"Xaqani Şirvani dünya səviyyəsində tanınan klassik Azərbaycan şairlərindən biridir. O, XII əsrdə yaşamış, Nizami Gəncəvi və Məhəmməd Füzuli səviyyəsində qiymətləndirilən, orta əsrlərin klassik dövründə yetişmiş böyük ədəbiyyat xadimlərimizdəndir".
Bunu Teleqraf-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru İmamverdi Həmidov şair-filosof, naşir Xaqani Şirvaninin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələrindən danışarkən deyib.
O bildirib ki, Xaqani Şirvaninin irsi olduqca zəngindir: “Xaqaninin yaradıcılığında müşahidə edilən və qiymətləndirilən çoxsaylı məqamlar var. Xaqani XII əsrdə yaşayıb-yaradıb. Həmin dövrdə Azərbaycan dilində ədəbiyyat hələ formalaşmamışdı. O dövrdə yaşayan şairlər əsasən fars dilində və ərəb dilində yazırdılar. Xaqani ilk dəfə olaraq ərəb dilində də şeirlər yazıb. Onun yaradıcılığının mövzu dairəsi genişdir. Bu mövzu dairəsi müsəlman Şərqindən, ərəb dünyasından tutmuş, Xaqaninin yaşadığı Şamaxı şəhərindəki Şirvanşahlar sarayını və Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Buna görə də Xaqaninin irsi və poeziyası bizim üçün Azərbaycan ədəbiyyat baxımından son dərəcə qiymətlidir. Bu gün də Xaqani irsinin öyrənilməsi davam etdirilir. Bu sahədə alimlərimiz məşğul olurlar. Xaqani irsi həmin dövrdən günümüzə tam şəkildə gəlib çatmadığı üçün onun yaradıcılığının hələ bütün dərinliyi ilə tədqiq edildiyini söyləmək mümkün deyil. Mən şəxsən ərəbşünas olduğum üçün Xaqaninin ərəb dilində yazdığı şeirləri ilk dəfə Azərbaycan dilinə tərcümə etmişəm və həmin tərcümələr 2017-ci ildə “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” adlı kitabımda çap olunub. Kitabda Xaqani Şirvaninin ərəb dilində yazdığı qəsidə, mədhiyyə və qitələr olmaqla, ümumilikdə 506 beyt yer alır. Bu əsərlər şairin zəngin yaradıcılığının, elmi və fəlsəfi dünyagörüşünün ərəb dilli poeziyadakı təzahürüdür. O, ərəb dilində XII əsrə qədər ərəb dünyasında formalaşmış ədəbi ənənələri davam etdirib, eyni zamanda həmin ənənələrə müəyyən yeniliklər gətirib. Onun yaradıcılığında ərəb-islam mədəniyyəti ilə yanaşı, Azərbaycan və ümumən Şərq mədəniyyətinin müxtəlif xüsusiyyətləri də öz əksini tapıb. Məsələn, “Mədain xərabələri”, “Töhfətül-İraqeyn” kimi əsərlərində olduğu kimi....Bu mənada Xaqaninin irsi bizim tədqiqatçılar üçün də olduqca maraqlıdır.
Xaqani Şirvanşahlar sarayında fəaliyyət göstərib. Həmin dövrdə şairlərin saraylara dəvət olunması və saray şairi kimi fəaliyyət göstərməsi geniş yayılmış ənənə idi. Lakin Xaqani dövrünə görə mütərəqqi düşüncəli və müstəqil şəxsiyyət olduğu üçün bir sıra şəxsi baxışlarına görə sarayın tələblərini qəbul etməyib. Bu səbəbdən sarayda, o cümlədən həmkarları arasında ona qarşı paxıllıq edənlər də olub. Nəticədə Xaqani sarayı tərk etməli olub".
İ.Həmidov vurğulayıb ki, Xaqaninin yaradıcılığı yalnız öz doğma Azərbaycan diyarı ilə məhdudlaşmayıb: "Çünki həmin dövrdə müsəlman Şərqi böyük ölçüdə vahid siyasi və mədəni məkan təşkil edirdi. Bu amil Xaqaninin yaradıcılığında ərəb ədəbiyyatının təsirlərinin və ənənələrinin də geniş şəkildə əks olunmasına imkan yaradıb. Şirvani ərəb ədəbiyyatının mövcud ənənələrindən bəhrələnməklə yanaşı, həmin ənənələrə özünəməxsus yeniliklər də gətirib. Həmin dövrdə ərəb şairləri bir yerdən başqa şəhərə gedir, gördüklərini öz şeirlərində əks etdirirdilər. Onlar vaxtilə müəyyən qəbilələrin yaşadığı, lakin sonradan xarabalığa çevrilmiş yerləri təsvir edirdilər. Xaqani bu mövzuda yenilik gətirib. Bunun ən mühüm nümunələrindən biri onun “Mədain xərabələri” qəsidəsidir. “Mədain” ərəb mənşəli söz olub, “şəhərlər” mənasını verir. Xaqani bu əsərində Mədain şəhərində vaxtilə qeyri-ərəblərin, türklərin və farsların da yaşadığını qeyd edir. Bu baxımdan “Mədain xərabələri” Xaqaninin ənənəvi mövzuya gətirdiyi mühüm yeniliklərdən biri hesab olunur".
İ. Həmidov vurğulayıb ki, Xaqaninin müstəqil xarakteri onun saray həyatı ilə münasibətlərinə də təsir göstərib:
“Sarayda fəaliyyət göstərən şair, bir növ, hökmdarın iradəsinə uyğun hərəkət etməli, onun fəaliyyətini və şəxsiyyətini tərifləməli, mədhiyyələr yazmalı idi. Lakin Xaqani xarakter etibarilə məğrur və müstəqil düşüncəli bir şəxsiyyət olub. O, dövrün digər şairlərinin ifadə etməyə cəsarət etmədiyi bəzi fikirləri öz yaradıcılığında açıq şəkildə ifadə edirdi. Bunun nəticəsində Xaqani həbs olunub. Onun həbsdə olduğu dövrü əks etdirən “Həbsiyyə” şeirləri də var. Nəhayət, vəziyyət o həddə çatıb ki, Xaqani Şirvanşahlar sarayını tərk etmək məcburiyyətində qalıb. Xaqani iki dəfə Həcc ziyarətinə gedib. İkinci səfərindən sonra Şirvana qayıtmayaraq Təbrizə üz tutub və ömrünün sonuna qədər orada yaşayıb-yaradıb. Maraqlıdır ki, Xaqani Bağdadda olarkən xəlifənin adamları ona sarayda qalmağı təklif ediblər. Bu, hər kəsə edilən təklif deyildi. Lakin Xaqani həmin təklifi də qəbul etməyib və öz istəyi ilə Təbrizə gedərək orada yaşamağı seçib”.
Alim qeyd edib ki, Xaqani əsasən fars dilində yazıb: “Onun ərəb dilində yazdığı şeirlər də var. Mən həmin ərəbdilli şeirləri Azərbaycan dilinə tam şəkildə tərcümə etmişəm. Lakin bu, poetik tərcümə formasında deyil. Bəzi şeirləri poetik tərcümə də edilib. Çünki mən şair deyiləm, filoloqam. Əsas odur ki, filoloji tərcümə olsun. İkinci mərhələdə poetik tərcümə də edilə bilər.
Xaqaninin fars dilində yazdığı şeirlərin isə böyük hissəsi Azərbaycan dilinə tərcümə olunub. Amma o dövrün əlyazmalarının hamısı tam şəkildə dövrümüzə gəlib çatmayıb. Ona görə də demək olmaz ki, əsərlərinin hamısı tam şəkildə tərcümə edilib. Bizə məlum olan əsərləri müxtəlif dövrlərdə tərcümə edilib.
Bu sahədə ən yaxşı tərcümələrdən bəzilərini Məmmədağa Sultanov və Osman Sarıvəlli həyata keçiriblər. Yeni tərcümələr üzərində də iş aparılır. Hazırda isə bizim şöbənin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva Xaqani Şirvaninin fars dilindəki şeirlərinin tərcüməsi üzərində çalışır. Daha bir elmi işçimiz Elnarə Zeynalova da Xaqaninin ərəb dilindən tərcümələrini həyata keçirir".
İmamverdi Həmidov Xaqani irsinin daha dərindən öyrənilməsinə ehtiyac olduğunu da bildirib: “Onun irsində araşdırılmağa ehtiyacı olan məsələlər var. Şeirdə sözün işlədilməsi şair üçün çox böyük sənətkarlıq tələb edir. Bu xüsusiyyət Xaqanidə var. Onun yaradıcılığında sözlərin mənası və işlənmə xüsusiyyətləri xüsusi əhəmiyyət daşıyır. Xaqani haqqında dərin araşdırmalar aparılıb və bu mərhələ hazırda da davam edir".
İ. Həmidov Xaqaninin yaradıcılığında doğma yurda və vətənə bağlılığın da öz əksini tapdığını bildirib: “Onun yaradıcılığında öz yurduna və vətəninə bağlılıq öz əksini tapıb. Məsələn, “Şirvanın tərifi” adlı şeirindən bir misrasını səsləndirim: “Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır...”
Xaqani vətən haqqında gözəl şeirlər yazıb”.