BAKI, 16 oktyabr. TELEQRAF
M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evinin 27 sentyabr - Anım günü ilə bağlı təşkil etdiyi tədbirin proqramı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət Evindən bildirilib ki, illik iş planına uyğun olaraq il ərzində müxtəlif mövzularda mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr və konsert proqramları mütəmadi şəkildə təşkil olunur.
"Bu tədbirlər silsiləsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş konsert proqramı çərçivəsində bir neçə sənət nümayəndəsinin çıxışları nəzərdə tutulub. Mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərə dəvət olunmuş ifaçılardan hər hansı birinin ifa tərzi və keyfiyyəti ilə əlaqədar sual yaranırsa, bu barədə mütəxəssislərin də rəyi nəzərə alınmaqla gələcəkdə fərqli repertuar və ifaçılara üstünlük verilməsi təmin olunacaq".
Mədəniyyət Evindən bildirilib ki, gələcək tədbirlərin hazırlanması və icrası zamanı yaradıcılığın və bədii zövqün inkişafı, eləcə də mədəni mühitin zənginləşdirilməsi istiqamətində fəaliyyətini daha böyük əzmlə davam etdiriləcək, bu sahədə maraqlı və zövq oxşayan proqramlar təşkil ediləcək.
"Müəssisə bütün sakinləri və mədəniyyətsevərləri bu tədbirlərdə iştirak etməyə və təqdim olunan proqramlardan yararlanmaya dəvət edir",- deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, qeyd olunan tədbirə transgender müğənninin dəvət edilməsi sosial şəbəkələrdə müzakirə və narazılıqlara səbəb olub.