BAKI, 15 oktyabr. TELEQRAF
Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
***
13:22
"Qardaşımı ötən gün xəstəxanadan evinə gətirdik. Bu gün səhər saatlarında vəfat etdi".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti tarzən Ramiz Quliyevin qardaşı Emin Quliyev deyib.
"Biz qardaş olmaqla yanaşı həm də yaxın dost idik. Sona qədər yaradıcılıq eşqi ilə yaşadı. Deyirdi ki, sağalıb yaradıcılıqla məşğul olacaq. Mübariz insan idi. Sənətdə əzmkarlıqla fəaliyyətinə davam etdi. Sonuncu dəfə bizimlə danışanda əhvalımızı soruşdu və arzu etdi ki, tezliklə sağalsın", - E.Quliyev əlavə edib.

***
13:08
Atamın vida mərasimi ilə bağlı müzakirələr aparılır, müvafiq qurumlar yaxın zamanda qərar verəcəklər. Mənə elə gəlir, Ramiz müəllimin adına və sənətinə layiq yer təyin olunacaq.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ramiz Quliyevin oğlu Əməkdar artist Əyyub Quliyev deyib.
***
10:07
Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib.
Bu haqda Teleqraf-a Xalq artistinin oğlu Əyyub Quliyev məlumat verib.
"Atam bu gün səhər saatlarında vəfat etdi. Vida mərasimi Əjdərbəy məscidində ola bilər. Hələ ki, harada dəfn ediləcəyi bilinmir", - Ə.Quliyev əlavə edib.
Qeyd edək ki, 78 yaşlı Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.
1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Ramiz Quliyev ömrünün son illərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirirdi.
2004-cü ildən Prezident Təqaüdçüsü idi.