BAKI, 6 sentyabr. TELEQRAF
Tanınmış rejissor Cavid Təvəkkül "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Sizin rəhbərliyinizlə Mingəçevir Modern Teatrı fəaliyyətə başlayıb. Teatrın yaradılması və fəaliyyət prinsipləri barədə nə deyərsiz?
- Bəli, mənim rəhbərliyimlə Mingəçevirdə Modern Teatr yaradılıb. Artıq məşqlərimiz başlayıb, fəaliyyətimiz normal qaydada davam edir. Kənardan aldığımız rəylər və bizə çatan məlumatlar da göstərir ki, gördüyümüz işin formatı region üçün ideal hesab oluna bilər.
Teatrı yaratmaqda əsas məqsədimizdən danışarkən öncə deyim ki, bu günə qədər əyalət səviyyəsində müstəqil bir teatr olmayıb. Bu ideyanı uzun illər içimdə bir arzu kimi yaşadırdım.
İstədim ki, teatr sahəsində müstəqil bir struktur formalaşdıraq və bunu əsas missiyamız kimi qəbul edək, mədəniyyətin digər bölgələrində olan istedadlı insanları bu teatra cəlb eləyək. Məsələn, musiqi məktəblərində, incəsənət mərkəzlərində və mədəniyyət evlərində çalışan və ya təhsil alan, potensialı olan insanları birləşdirək.
Bu fəaliyyət ortaq və müştərək bir işə çevrilməkdədir, artıq ilk layihəmizdə bunun nəticələrini görürük. Hazırda Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası üzərində çalışırıq, yaxın günlərdə bu işi təqdim edəcəyik. Tamaşada musiqi və incəsənət məktəblərinin, Mingəçevir Dövlət Teatrının əməkdaşları iştirak edirlər. Yəni müxtəlif sahələrdən olan istedadlı insanları bir mühitdə birləşdirmək, çalışmaq və çalışdırmaq bizim əsas missiyamızdır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgənin müxtəlif mədəniyyət müəssisələrində çalışan istedadlı insanları artıq teatra cəlb edirik. Eyni zamanda, illərdir içində sənət sevgisi olan, lakin səhnəyə çıxmaq imkanı tapmayan, teatr təhsili almamış şəxsləri də sıralarımza qatmağı planlayırıq.
Onlar üçün teatrımızda dərnək və kurslar təşkil etməklə təhsil verməyi, bacarıqlarını artırmağı nəzərdə tuturuq. Bundan əlavə, universitet və digər təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələrin teatr sahəsində hazırlığı ilə də məşğul olacağıq. Bütün bu sahəyə can atan, teatr və kino sahəsinə maraq göstərən, öz potensialını ortaya çıxarmaq istəyən hər bir kəs üçün Modern Teatrının qapıları açıqdır.

- Mingəçevir Modern Teatrının repertuarında hansı janrlara üstünlük verilir və bu teatr bölgənin mədəni həyatına necə təsir göstərəcək?
- Teatrda istənilən janrda tamaşa səhnələşdirilə bilər. Heç bir məhdudiyyət və ya stereotipimiz yoxdur. Hazırda işlədiyimiz əsər - Üzeyir Hacıbəylinin operettası musiqili janrda bir nümunədir. Gələcəkdə komediya, dram, musiqili, eksperimental və digər janrlarda əsərlərə müraciət edəcəyik.
Seçdiyimiz mövzularda əsas prioritet milli-mənəvi dəyərlərimizin təbliğidir. Teatrın bölgədə mədəni sahəyə təsirini qiymətləndirərkən, ilk növbədə şəhərimizin, daha sonra ümumilikdə regionun mədəni həyatına təsirini nəzərdə tuturuq.
Həm rəsmi, həm də özəl və ya müstəqil mədəniyyət tədbirlərində aktiv iştirak etmək, ölkədə həyata keçirilən mədəniyyət siyasətinə töhfə vermək niyyətindəyik.
- Teatrınızın rəsmi açılışı nə zamandır və yaxın planlarınız nələrdən ibarətdir?
- Artıq fəaliyyətə start vermişik. Hazırda Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı tədbirlər çərçivəsində həyata keçirilən layihədə aktiv iştirak edirik. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.
Bu münasibətlə sentyabrın 18-də Mingəçevir şəhərində keçiriləcək Musiqi Bayramında Modern Teatrın rəsmi açılışı baş tutacaq.
Mingəçevir Modern Teatrının adına görə müəyyən çaşqınlıqlar yarana bilər. Amma bir dəfə göstərdiyimiz tamaşanı izləyən və komandamızla tanış olan hər kəs anlayacaq ki, bu, mədəni xidmətə yönəlmiş peşəkar bir komandadır. Teatrın truppası tam formalaşdıqdan sonra burada dəvətlilər, həvəskarlar və rəsmi əməkdaşlarla birgə qısametrajlı və irihəcmli bədii layihələr, seriallar, hətta film sənayesi üçün nümunələr hazırlamağı da planlaşdırırıq.
Bu istiqamətdə əyalətdən başlayaraq paytaxtadək, televiziyalara və Mədəniyyət Nazirliyinə qədər fəaliyyətimizi genişləndirməyi məqsəd seçmişik.
Əminik ki, bu işlər nəticəsində tamaşaçılarımız çox olacaq, bizi bəyənəcək və bizi qəbul edəcəklər. Biz yalnız regional deyil, respublika səviyyəsində də mədəniyyətə ciddi töhfə verməyi arzulayırıq.