BAKI, 15 avqust. TELEQRAF
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin İğdır şəhərində ictimai əsaslarla “Bir millət - iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradıb.
Teleqraf xəbər verir ki, İğdır Valiliyinin də dəstək göstərdiyi layihə çərçivəsində teatrın məşqləri və tamaşaları üçün Iğdır 100-ci il Kitabxanası, Şəhər Mədəniyyət Sarayında müvafiq yer ayrılıb.
“Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının rəhbəri rejissor, bu istiqamətdə mühüm təcrübəyə malik, Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsinin Teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur.
Artıq teatr üçün gənc aktyorların seçimləri aparılıb, məşqlərin keçrilməsi və tamaşaların hazırlanması prosesinə başlanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan “Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı öz repertuarında Azərbaycan-Türkiyə qardaşlığı, ortaq dəyərlərimiz, tariximiz, habelə Azərbaycan və Türkiyəli müəlliflərin bu istiqamətdə əsərlərinə geniş yer verəcəkdir.
Gələcəkdə Teatr milli mədəniyyətimizi təbliğ edərək Türkiyənin həm Iğdır, həm də digər bölgələrində mədəni proqramlarda iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin təbliği, Türkiyədə “Bir millət - iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi, Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq səviyyəsinə yüksəldilməsinin geniş təbliği ilə bağlı layihələr reallaşdırır.