BAKI, 18 fevral. TELEQRAF
Elm adamları Cənub okeanının dərinliklərində Antarktidadakı dəniz həyatı ilə bağlı uzun müddətdir mövcud olan elmi fikirlərə şübhə yaradan qeyri-adi mənzərəni lentə alıblar: kameraya böyük qütb köpəkbalığı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Günəş işığının çatmadığı dəniz dibində üzən canlı 2025-ci ilin yanvarında videoya çəkilib. Canlının uzunluğu 3-4 metr qiymətləndirilir. Bu, bölgənin bioloji müxtəlifliyi barədə əvvəlki təsəvvürləri alt-üst edən önəmli kəşfdir.
“Ora gedərkən köpəkbalığı görəcəyimizi gözləmirdik, çünki ümumi fikir belədir ki, Antarktidada köpəkbalığı yoxdur. Bu, heç də kiçik köpəkbalığı deyil, nəhəngdir. Bu canlılar əsl tank kimidirlər”, - tədqiqatçı Alan Ceymison deyib.
Videonu Qərbi Avstraliya Universitetinin Dərin Dəniz Tədqiqatları Mərkəzi çəkib. Bu mərkəz okeanın dərin hissələrində həyatı araşdırır. Kamera Antarktida yarımadasına yaxın, Cənub Şetland adalarının ətrafında yerləşdirilib.
Köpəkbalığı 490 metr dərinlikdə, suyun temperaturu isə təxminən sıfır dərəcə selsi olub.
Elm adamı vurğulayıb ki, Cənub okeanında başqa köpəkbalıqları haqqında heç bir qeydə rast gəlməyib. Ceymisonun həmkarı Peter Kane də razılaşıb ki, bu köpəkbalığı indiyə qədər Cənuba bu qədər yaxın məsafədə qeydə alınmayıb.
İqlim dəyişiklikləri və okeanların isinməsi potensial olaraq köpəkbalıqlarını Cənub yarımkürəsinin daha soyuq sularına doğru hərəkət etməyə vadar edə bilər, amma Antarktidaya yaxın ərazilərdə onların yayılması barədə məlumatlar regionun uzaqlığı səbəbindən kifayət deyil.
Ceymisonun ehtimalına görə, digər Antarktida köpəkbalıqları da eyni dərinlikdə yaşayır və ölən balina cəsədləri, nəhəng kalmar və digər dəniz canlıları ilə qidalanırlar.