BAKI, 2 sentyabr. TELEQRAF
XII-XIII əsrlərə aid ləçək formalı qurğuşun qab Böyük Britaniyanın paytaxtı Londonda saxlanıldığı qalereyadan Özbəkistana qaytarılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan İslam Mədəniyyəti Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
“XII-XIII əsrlərə, Qəznəvilər dövrünə aid artefakt hazırda Londondakı Orfey qalereyasında saxlanılır. Nəhayət, nadir artefakt Londondan ölkəmizə qayıdır”, - mərkəzin saytında bildirilib.
Qeyd olunub ki, bu cür qablar o dövrdə ev bəzəyi ilə yanaşı, mərasim ayinlərində də geniş istifadə olunub.
Son illər Özbəkistan əvvəllər oğurlanmış və ya itmiş tarixi əsərlərini geri qaytarmağa çalışır və onların xaricə qaçırılması cəhdləri ilə də mübarizə aparır.