BAKI, 7 noyabr. TELEQRAF

Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə “Azərbaycan Zəfəri-2” adlı konsert proqramı təqdim olunub.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova Teleqraf-a açıqlamasında bildirib ki, konsert proqramı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş şəhid Ülvi Hacıyevin əziz xatirəsinə həsr edilib:

“Ülvi Hacıyevə "Şəhidlik zirvəsi" adlı mahnı həsr etmişəm. Mahnının sözləri Vahid Əzizə məxsusdur. Ülvi Hacıyev ilə tanışlığımız yox idi, lakin onun axtarışları, ailəsinin çəkdiyi nisgil bir növ mənə öz həyatımı, həyat yoldaşım Rəşad Atakişiyevin axtarışlarını və onun xatirəsini xatırlatdı. Bu,⁸ "Şəhidlik zirvəsi" mahnısının ərsəyə gəlməsinə səbəb oldu. Artıq ailənin yaxınlarından biri kimi deyə bilərəm ki, anası Həmidə Qurbanova vətənpərvər, millətini sevən, övladı ilə hər zaman fəxr edən analardandır".

K.Hüseynova bildirib ki, bu layihədə
İncəsənət Universitetinin tələbələri də dəstək olublar: "Məktəbimizin vətənpərvərlik ruhunda böyüyən şagirdlərinin budəfəki konsertini məhz Ülvi Hacıyevin əziz xatirəsinə həsr etməyə qərar verdim. Bu layihədə İncəsənət Universitetinin tələbələri də bizə dəstək oldular. Ülvinin uşaqlığını və gəncliyini canlandırmaqla, onun həyat yoluna nəzər salaraq vətənpərvərlik ruhunda yazılmış mahnılara keçidlər etdik. Bədii kompozisiyamız həm teatrlaşdırılmış formada, həm də musiqinin güclü nəfəsi və ifa vasitəsilə tamaşaçılara çatdırılır. Gənc nəsil öz qəhrəmanlarını tanımalı, Vətən və millət uğrunda mübarizə ruhunda böyüməlidir”.

Şəhid Ülvi Hacıyevin anası Həmidə Qurbanova isə tədbirin təşkilinə görə Könül Hüseynovaya təşəkkürünü bildirib: “Oğlum könüllü orduya yazılmışdı. Şuşaya 10 kilometr qalmış şəhidlik zirvəsinə ucaldı. 50 günlük axtarışdan sonra, dekabrın 4-də bizə oğlumun şəhid olduğu bildirildi.
Bu tədbiri təşkil edən Könül Hüseynovaya ailəmiz adından təşəkkür edirəm. Xalqımız hər zaman yanımızdadır”.