
BAKI, 16 aprel. TELEQRAF
Elm adamları karbonla zəngin asteroidlərin nə üçün gözləniləndən çox az sayda Yerlə toqquşduğunu aşkar ediblər. Yeni tədqiqat həm də həyatın yaranmasına səbəb olan maddələrin planetə necə gəldiyini işıqlandırmaq potensialına malikdir.
Teleqraf xəbər verir ki, karbonla zəngin asteroidlərdə “həyatın təməl daşı” olan yüksək həcmdə amin turşuları və su var.
Alimlər buna görə də onların Yer üzündə həyatın yaranmasında əsas rol oynadığına inanırlar. Amma belə asteroid nümunələrinə Yer kürəsində nadir hallarda rast gəlinməsi alimlərin işinə maneə yaradır. Söhbət atmosferdən keçərək dünyaya çatan göy cisimlərinə aiddir.
Asteroidlərin əksəriyyəti Mars və Yupiter arasındakı asteroid qurşağından ayrılaraq və Günəş sisteminin mərkəzindən keçərək Yerə çatıblar. Bu günə qədər aparılan hesablamalara görə, atmosferə daxil olan asteroidlərin demək olar ki, yarısı karbonla zəngin olmalıdır. Amma elm adamları aşkarlanan asteroidlərin yalnız 4 faizinin bu tipdən olduğunu deyirlər.
Fransanın Paris Rəsədxanasından Patrik Şoberin rəhbərlik etdiyi tədqiqat qrupu bunun səbəbini öyrənmək üçün 7982 asteroidin trayektoriyası və 540 potensial toqquşmanı təhlil edib.
“Nature Astronomy” elmi jurnalında dünən dərc edilən araşdırmaya görə, karbonla zəngin asteroidlər atmosferə çatmadan Günəşin istiliyi ilə parçalanır. Əvvəllər belə hesab edilirdi ki, bu cisimlər atmosferə daxil olan kimi parçalandıqları üçün Yer kürəsində nümunələrinə nadir hallarda rast gəlinir. Amma yeni araşdırma göstərir ki, onlar atmosferdə hətta “alov topu”na çevrilməyəcək qədər kiçik hissələrə parçalanırlar.
Kertin Universitetindən məqalənin həmmüəllifi Adrien Devilpua söyləyir:
“Biz çoxdan şübhələnirdik ki, zəif, karbonla zəngin cisimlər atmosferə daxil olduqda salamat qalmırlar”.
Yeni araşdırma göstərir ki, belə cisimlərin əksəriyyəti o qədər də uzağa gedə bilmirlər, Günəşə yaxın keçərkən yüksək temperaturun altında parçalanırlar. Sonda Yerin atmosferi onların səthə düşməsini çətinləşdirir.
Devilpua qeyd edir ki, asteroid parçalandıqdan sonra toz halında Yerin atmosferinə çırpılır. Elm adamı onların daşıdıqları suyun atmosferə hopduğunu və yağış kimi yağdığını deyir, amma amin turşularının zərbələrdən salamat qalıb-qalmadığı məlum deyil.