BAKI, 15 aprel. TELEQRAF

Elm adamları Yer kürəsini “mavi mərmər” adlandırsalar da, uzaq keçmişdə planet tamamilə fərqli görünüşə malik olub.

Teleqraf xəbər verir ki, yapon elm adamı Taro Matsuonun “Nature Ecology & Evolution” elmi jurnalında dərc olunan yeni araşdırması Yerin okeanlarının yüksək dəmir konsentrasiyası səbəbindən vaxtilə yaşıl olduğunu göstərir.

Üç milyard il öncə, oksigenin yaranmasından əvvəl okeanlarda Fe (II) - ikivalentli dəmir olub, bu da suyu yaşıl edib. Ozon təbəqəsinin olmaması və dəmirin həddindən artıq olması xüsusi bir işıq mühiti yaradıb. Yaşıl işığın təsiri altında siyanobakteriyalar - ilk fotosintetik orqanizmlər inkişaf etməyə başlayıb.

“Genetik analiz göstərir ki, siyanobakteriyalarda yaşıl işığı səmərəli şəkildə udan, fikoeritrin adlı xüsusi bir fikobilin zülalı vardı”, - Matsuo deyir.

Elmi məqalədə qeyd olunur ki, bu kəşflər təkcə Yerin tarixini anlamaq üçün yox, həm də digər planetlərdə həyat axtarışı üçün vacibdir. Yaşıl okeanlar bioloji aktivliyin potensial göstəricisidir.

“Bu, bizə yaşıl okeanların daha uzaq məsafələrdən müşahidə oluna biləcəyini düşünməyə əsas verir, bu da onları aşkar etməyi asanlaşdırır”, - yapon alim vurğulayır.