
BAKI, 15 aprel. TELEQRAF
Bir çox ulduz milyardlarla il yaşayır, resurslarını tükətdikdən sonra qırmızı nəhənglər kimi tanınan ölməkdə olan ulduzlara çevrilirlər. Genişlənən ulduzlar yaxınlıqdakı planetləri uda, onları yandırıb məhv edə bilərlər.
Teleqraf xəbər verir ki, təxminən 5 milyard ildən sonra Yer kürəsinin Günəşi də qırmızı nəhəngə çevriləcək və dünya da daxil olmaqla ətrafındakı planetləri udacaq.
Astronomlar belə qırmızı nəhəng ulduzların çoxunu müəyyən etsələr də, onların bir planeti udması prosesi yalnız bu yaxınlarda birbaşa müşahidə edilib. 2023-cü ildə elm adamları ömrünün sonuna yaxınlaşan bir ulduzun genişləndiyi və Yupiter böyüklüyündə bir planeti udduğunu üzə çıxarıblar.
Tədqiqatçılar “James Webb” kosmik teleskopu ilə əlavə müşahidələrdən sonra maraqlı bir dönüşün baş verdiyini söyləyiblər. “Webb”in müşahidələri ulduzun planeti birbaşa udmadığını, amma planetin orbitinin milyonlarla il ərzində daraldığını və bunun onu məhvə yaxınlaşdırdığını, sonra bütövlükdə udulduğunu göstərir.
Amerikalı astronom Rayan Lau deyir: “Bu, tamamilə yeni bir fenomen olduğu üçün teleskopumuzu ona çevirmək qərarına gələndə nə gözlədiyimizi dəqiq bilmirdik”.
Lau həm də “The Astrophysical Journal” elmi nəşrində dərc olunan yeni məqalənin aparıcı müəllifidir.
Tədqiqatçılar teleskopla Süd Yolu qalaktikasında, Yerdən təxminən 12 000 işıq ili uzaqlıqda yerləşən mənzərəni tədqiq edə biliblər. Ulduzun daha çox bizim Günəşə bənzədiyi düşünülürdü, amma araşdırma onun lazımi qədər parlaq olmadığını üzə çıxarıb.
Harvard Astrofizika Mərkəzi və Massaçusets Texnologiya İnstitutunun üzvü Morqan Makleod söyləyir:
“Planet nəhayət ulduzun atmosferindən qopmağa başladı. Bu andan etibarən nəzarətdən çıxmağa və daha sürətlə düşməyə başladı. Planet düşdükcə bir növ ulduzun ətrafında yayılmağa başladı. Planet ulduzun xarici təbəqələrindən qaz püskürmüş ola bilər”.