BAKI, 16 aprel. TELEQRAF

“Borçalı” cəmiyyətinin sədri, həkim-stomatoloq Zəlimxan Məmmədli çalışdığı 6 saylı poliklinikanın həyətində vaxtilə saldığı parkın söküləcəyini iddia edib.

Teleqraf xəbər verir ki, o bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“42 ildir çalışdığım 6 saylı poliklinikanın həyətində saldığım "Qarabağ" istiqlal parkı hədəfdədir. Qoşa dalğalanan Azərbaycan və Türkiyənin milli bayraqları bəzilərinin gözünü deşməkdədir. Səhiyyədə islahatın fəlsəfəsi tam başqadır. Bayrağı, onun ucaldığı yeri abad etmək, qarşısına maneələr qoymamaq ərdəmli insanların işidir. Poliklinikamızda bir sıra sual doğuran hərəkətlər durdurulmalıdır. Guya 2 maşın saxlamağa yer tapılmazmış? Bayrağın qarşısını kəsin! Əmr belədir!”- paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı Teleqraf-a danışan 6 saylı poliklinikanın baş həkimi Nərmin Qasımovanın sözlərinə görə, park yerindədir, bayraqlar və ağaclar olduğu kimi qalır:

“Mən 1 aydır poliklinikaya baş həkim təyin olunmuşam. Zəlimxan həkim poliklinikaya girişin sağ tərəfini dəmirlərlə bağlamışdı. Vətəndaşlar şikayət edirdilər. Qazilər narazılıq edirdilər, deyirdilər ki, maşın, xəstə çoxdur poliklinikaya daxil ola bilmirik, maşını saxlamağa yer yoxdur".

Poliklinikanın baş həkiminin sözlərinə görə vətəndaşların şikayəti əsasında dəmirlər kənara çəkilib ki, maşın saxlamağa yer olsun:

"Bayraq da ağaclar da yerindədir, sadəcə söz-söhbət olmasın deyə dəmirin yerini bir balaca dəyişmişik. Bununla da bir- iki maşının dayanması üçün yer boşalıb. Burada heç bir hörmətsizlik yoxdur. Zəlimxan həkimlə heç bir problemim yoxdur. Sosial şəbəkədə paylaşmazdan öncə mənimlə danışmalı idi. Mən ona səbəbini izah edərdim".

N.Qasımova bildirib ki, məsələnin problemli tərəfi odur ki, qonşuluqda olan sakinlər də maşınlarını poliklinikanın həyətində saxlayırlar.

"Bununla bağlı icra hakimiyyətinə də müraciət etmişəm. Buradan kənar maşınlar çıxarılmalıdır. Yalnız işçilər və xəstələr üçün maşın saxlamağa icazə verilməlidir”.

Daha sonra Z.Məmmədli narazılıqla dolu paylaşımını silib və yenisini yazıb. O, bu dəfə məsələnin anlaşma ilə həll olunduğunu bildirib.

"Pozduğum status anlaşma ilə bağlı oldu. Bu bayraqlara ehtiram, onların birliyini qorumaq milli görəvimizdir. Yeni nəsil birlikdə ucalan bayraqlardan güc alaraq bütöv və demokratik Azərbaycanı quracaqlar",- paylaşımda qeyd olunub.