MASALLI, 16 aprel. TELEQRAF

Masallı rayonunun Məmmədoba-Tuado yolunun kənarından axan Çaykəş çayında XIX əsrə aid olduğu ehtimal edilən dini məzmunlu kitablar aşkar edilib.

Teleqraf-ın cənub bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında yerli sakinlər çayda suyun axını ilə gələn kisənin içərisində kitablar tapıblar. Rauf Cəbiyev adlı kənd sakini kisəni sudan çıxarıb və içərisində ərəb əlifbası ilə yazılmış köhnə dini kitabların olduğunu aşkarlayıb.

Yerli din xadimləri kitabların dini ədəbiyyat olmasını və XIX əsrə aid olduğunu ehtimal edirlər.

Şahidlərin sözlərinə görə, həmin vaxt çaydan daha bir neçə oxşar kisə bağlamasının axaraq keçdiyi müşahidə olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və ərazidə araşdırmalar aparılır.