BAKI, 15 aprel. TELEQRAF

“The Astrophysical Journal Supplement Series” elmi nəşrində dərc olunan yeni araşdırmaya görə, bizim qalaktikanın – Süd Yolunun qonşuluğunda yerləşən qalaktika parçalanır.

Teleqraf xəbər verir ki, Kiçik Magellan Buludu adlanan qalaktikanın özündən daha böyük qonşu qalaktikanın cazibə qüvvəsinə məruz qalaraq parçalandığı bildirilir.

Yaponiyanın Naqoya Universitetindən Kenqo Taçixara deyib:

“İlk dəfə bu nəticəyə gələndə təhlil metodumuzda qüsur olduğundan şübhələnmişdik. Ancaq daha yaxından baxdıqda nəticələrin mübahisəsiz olduğunu görəndə heyrətləndik”.

Kiçik Magellan tədqiqatçılara qalaktikanı təşkil edən təxminən 7000 böyük kütləli ulduzu yaxından izləməyə imkan verən ən yaxın qonşularımızdan biridir. Bu ulduzların kütləsi Günəşdən ən azı 8 dəfə böyükdür və cəmi bir neçə milyon il yaşayır, adətən fövqəlnova partlayışı ilə yoxa çıxırlar.

Tədqiqatçılar bu ulduzları izləyərkən, qalaktikanın qonşu Böyük Magellan Buludu tərəfindən parçalandığını aşkar ediblər.

Taçixara baş verənlər haqda söyləyib: “Kiçik Magellan Buludundakı ulduzlar sanki bir-birindən uzaqlaşırmış kimi qalaktikanın hər iki tərəfində əks istiqamətlərdə hərəkət edirlər”.

Ulduzların bəziləri Böyük Magellan Buluduna yaxınlaşır, digərləri isə ondan uzaqlaşır. Elm adamlarına görə, bu, daha böyük qalaktikanın qravitasiya təsirinə işarə edir. Bu gözlənilməz hərəkət Kiçik Magellanın Böyük Magellanın cazibə qüvvəsi ilə parçalaması və onun tədricən yox olmasına səbəb olması fərziyyəsini dəstəkləyir.

Tədqiqatçılar Kiçik Magellanın fırlanmadığını da müşahidə ediblər. Adətən böyük kütləli gənc ulduzlar formalaşdıqları qazlarla birlikdə hərəkət edirlər, amma Kiçik Magellanın ulduzları bu şəkildə hərəkət etmirlər, bu da qazların gözlənildiyi kimi fırlanmadığını göstərir.

Alimlərə görə, baş verənlər təkcə Kiçik Magellan yox, həm də onun digər qalaktikalarla, o cümlədən Süd Yolu ilə qarşılıqlı əlaqəsi haqqında yeni fikirlərə səbəb ola bilər.

“Əlavə tədqiqatlar bizə kainatın ibtidai dövrlərindəki şərtləri və hekayəsini daha yaxşı anlamağa kömək edə bilər. Kiçik Magellan Buludu erkən qalaktikalarla bəzi xüsusiyyətləri bölüşdüyü üçün kosmosun indikindən daha gənc olduğu dövrləri anlamaq baxımından faydalıdır”, - Taçixara vurğulayır.