TBİLİSİ, 16 aprel. TELEQRAF
Gürcüstan parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” Qanuna dəyişiklikləri sonuncu- üçüncü oxunuşda qəbul edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyasının qanunvericilik təşəbbüsünü 80 deputat dəstəkləyib.
Qanun layihəsinə əsasən, siyasi partiya və seçki məqsədi elan edilmiş şəxs bundan sonra Gürcüstanda və ya Gürcüstandan kənarda qeydiyyatdan keçmiş hüquqi şəxsdən və ya başqa növ şəxslərin birliyindən mühazirə, seminar və ya digər oxşar ictimai tədbir üçün ianə qəbul edə bilməyəcək.
Xarici mənbədən alınan hər hansı qrant üçün Gürcüstan hökumətinin və ya onun təyin etdiyi səlahiyyətli şəxsin və yaxud orqanının razılığı tələb olunacaq. Razılıq olmadan qrant qəbul etmək cinayət məsuliyyətinə səbəb olacaq.