BAKI, 16 aprel. TELEQRAF
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə davam edən güclü yağıntılardan sonra Bakıda yaşanan fəsadlarla bağlı partiyanın mətbuat xidmətinə açıqlama verib.
Teleqraf-ın xəbərinə görə, millət vəkili qeyd edib ki, güclü yağış nəticəsində paytaxtın bəzi yollarının bağlanması, yaşayış sahələrinin su altında qalması ciddi narahatlıq doğurur:
"Vəziyyət həqiqətən ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyəti dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da, bu istiqamətdə ciddi işlər görülmür. Mən, digər deputat həmkarlarım bu məsələni baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanı da qaldırdıq. Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, icra başçılarının eşidəcəyi güclü və təşəbbüskar baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq, Prezidentin köməkçisi kimi daha çox iş görə bilərdi. Hazırkı şəraitdə Birinci vitse-prezident həm də baş nazir postunu tutsa, bu çox faydalı olardı. Geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir, hamı Prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edib".