ABŞ Kosmik Qüvvələrinin Komandanlığı 2014-cü ildə Papua Yeni Qvineyaya düşən meteoritin “ulduzlararası meteorit” olduğunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Əmir Sirac adlı gənc kosmos alimi Harvard Universitetində bakalavr tələbəsi olarkən, Papua Yeni Qvineyaya düşən göy cismini “ulduzlararası meteorit” adlandırmışdı.
Tapıntılarının dərc olunması üçün illərini sərf edən Sirac və onun Harvarddakı müəllimi, fizika professoru Abraham Leb bu yaxınlarda ABŞ Kosmik Qüvvələrinin komandanının müavini general Con Şoudan məktub alıb.
Siracın CNN telekanalına təqdim etdiyi məktubda ABŞ Kosmik Qüvvələri Komandanlığının araşdırmalarının da bu cismin ulduzlararası meteorit olduğunu təsdiqlədiyi diqqətə çatdırılıb.
Beləliklə, bu, Yerə düşən ilk ulduzlararası göy cismi olub. Sirac bu meteoriti ilk dəfə 2017-ci ildə Harvard Universitetində Leblə birlikdə Günəş sistemində məlum olan ilk ulduzlararası meteorit “Oumuamua”nı araşdırarkən tapıb.
Sirac bundan sonra digər ulduzlararası cisimləri tapmaq üçün NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatlarının (YDNA) məlumat bazasını araşdırmaq qərarına gəlib və bir neçə gün ərzində ulduzlararası meteorit olduğuna inandığı obyekti kəşf edib.