İngiltərənin Kembric Universitetinin kitabxanası 22 il əvvəl itən avstraliyalı alim Çarlz Darvinin iki qeyd dəftərinin tapıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, kitabxanadan verilən açıqlamada 15 ay əvvəl əlyazmaların Kembric Universitetinin kitabxanasına qaytarılması üçün dünya miqyasında ictimai çağırış edildiyi və bunların martın 22-də anonim şəkildə yerinə qaytarıldığı bildirilib.

Məlumata görə, hər iki dəftər üzərində “Kitabxanaçı, Pasxa bayramın mübarək. X” qeydi yazılmış çəhrayı hədiyyə çantası ilə göndərilib.

Təkamüllə bağlı araşdırmaları ilə tanınan təbiətşünas, geoloq və bioloq Çarlz Darvinin 1837-ci ildə məşhur “Həyat ağacı”nın eskizini çəkdiyi dəftərlərin yaxşı vəziyyətdə olduğu, müdaxilə və ya zədələnmə olmadığı deyilib.

Darvinin dəftərləri ilk dəfə 2000-ci ilin sentyabrında Xüsusi Kolleksiya Xəzinə Otağından (ən nadir və ən qiymətli əşyaların saxlandığı yer) fotosessiya üçün çıxarılıb. 2001-ci ilin yanvarında isə müntəzəm yoxlamalar zamanı dəftərlərin olduğu qutu əvvəlki yerinə - Xəzinə Otağına qoyulmayıb, o gündən bəri itmiş hesab olunub.

“Universitetin əvvəlki kitabxanaçıları uzun illər 10 milyona yaxın kitab, xəritə, əlyazma və digər qiymətli və tarixi əşyaların yerləşdiyi Kembric Universiteti kitabxanasının böyük anbarlarında və kolleksiyalarında dəftərlərin səhv yerləşdirildiyinə inanırdılar”, - kitabxananın açıqlamasında bildirilib.

İllər ərzində aparılan geniş axtarışlar nəticəsində tapılmayan əlyazmaların oğurlandığı qənaətinə gəlinmişdi.