Elm adamlarının fikrincə, böyük ekosistemə ev sahibliyi edən gəmi on il ərzində tamamilə yox ola bilər.
Teleqraf.com xəbər verir ki, “Titanik” 1912-ci il aprelin 10-da İngiltərədən Nyu-Yorka üzərkən Atlantik okeanında aysberqə çarpılaraq, ikiyə bölünüb və batıb.
Gəmi okeanın dərinliklərində dəfn olunub. “Titanik”in faciəli hekayəsi filmlərin, xarabalığı isə elmi araşdırmaların əsas mövzularından biridir.
1985-ci ildə tapılan gəminin qalıqları illərdir sualtı mikroorqanizmlər tərəfindən məhv edilir. Elm adamlarının fikrincə, təxminən 4000 metr dərinliyə düşmüş “Titanik” yaxın onillikdə tamamilə yoxa çıxa bilər.
Yüz on ildir su altında qalan gəminin əsasını təşkil edən dəmir skeleti sualtı orqanizmlər tərəfindən yeyilir. Əfsanəvi gəminin xarabalığı yavaş-yavaş əriyir və su axınına qarışaraq uzaqlara daşınır.
“Titanik” elm alimlərini cəlb edən böyük ekosistemə sahibdir.
Mütəxəssislər oradakı canlıların daha yaxşı tədqiq edilməsi üçün gəminin tamamilə məhv edilməsindən əvvəl nümunələrin götürülməsinin lazım olduğuna diqqət çəkirlər.