1857-ci ildə ABŞ-da kapitan da daxil olmaqla 425 nəfərlə batan gəmi ilə bağlı yeni faktlar açıqlanıb.
Teleqraf.com xəbər verir ki, 21 ton qızıl sikkə və digər qiymətli şeylərlə birlikdə batan “SS Central America”-da aparılan araşdırmanın davam etdiyi vaxt gəmidə ölən 425 nəfərdən bəzilərinin fotoşəkilləri ilk dəfə yayımlanıb.
Faciəli olaydan 165 il keçməsinə baxmayaraq, fotoların yeni çəkilmiş kimi görünməsi hər kəsi heyrətə gətirir.

“Qızıl gəmi” kimi də tanınan “SS Central America” 1857-ci ildə ABŞ-ın Kaliforniya ştatında tapılan bəzi sərvətlərlə birlikdə Cənubi Karolina sahillərində batıb. ABŞ-ın şərq sahillərinə qayıdarkən, qasırğa ilə üzləşən gəmidə olan 425 nəfər də Atlantik okeanının dərinliklərinə dəfn olunub.

Gəmi içində 21 ton qızıl sikkə və külçələrlə birlikdə batıb.
Batan gəmidəki xəzinə təkcə bu qızıllarla məhdudlaşmırdı. Bəzi sərnişinlərə məxsus qiymətli əşyalar da vardı.

2014-cü il ekspedisiyası zamanı gəmidə tapılan və fotoqrafiyanın ilk uğurlu nümunələri hesab edilən fotolar ilk dəfə yayımlanıb.

“SS Central America”-nın qalıqları ilk dəfə 1988-ci ildə tapılıb. Bundan sonra qəzaya uğramış gəmidən qiymətli metalların və əşyaların çıxarılması işlərinə başlanılıb. Amerikalı tarixçi Bob Evans deyib ki, fotoşəkillər on ildən çox əvvəl tapılıb, amma okeanın dibində gəmi ilə birlikdə aşkar olunan qızılların üstündə “şiddətli hüquqi mübarizə” gedir.

Bu, bir əsrdən çox okeanın dibində qalmasına baxmayaraq, bu günədək salamat qalmış fotoşəkillərin yayımlanmasının gecikməsinə səbəb olub.

Evans 1983-cü ildən bəri “Central America”-nı araşdırır və onu “itirilmiş Amerika tarixinin maraqlı parçası” adlandırır: “Sərnişinlər üçün vacib olan şeylərin onların pulları və fotoşəkilləri olduğunu görmək inanılmaz bir an idi. Son nəfəslərini verən kimi onlardan möhkəm yapışmışdılar”.

1850-ci illərdə ABŞ-da fotoqrafiya son dərəcə populyarlaşmışdı və qızıl dalınca Kaliforniyaya gedən insanlar yaxınlarına fotoşəkillər göndərirdilər.
“Bəlkə də bu, müəyyən mənada tamamilə yeni dəb idi. İnsanlar rəssama müraciət etmək yerinə bir-iki dollar ödəyib şəkil çəkdirirdilər. Bu, onlara öz iqtisadi durumlarını və yaxşı geyimlərini nümayiş etdirməyə imkan verirdi. O zaman San-Fransiskoda onlarla foto studiya vardı”, - Evans söyləyib.

Evansa görə, fotoşəkillərin illərlə okeanın dibində bu qədər yaxşı qorunub-saxlanmasının səbəblərindən biri, möhrülənmiş və kilidli kassalarda qalmasıdır. Kassalar müxtəlif keyfiyyətli materiallardan, o cümlədən dəri ilə örtülmüş ağacdan hazırlanıb.
Okeanın dibindəki sərt duzlu və yüksək təzyiqli mühitə baxmayaraq, fotoşəkilləri qoruyan digər amil Atlantik sularının sərinliyidi. Digər tərəfdən, gəminin ikinci kateqoriyalı qasırğanın batırdığı güman edilir. Təxminən 150 nəfər xilas olunub, amma kapitan da daxil olmaqla 425 nəfər gəmi ilə birlikdə batıb.