BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı xüsusi məqsədli biznes kreditlərinin prudensial tənzimlənməsi üzrə yeni çərçivə hazırlayıb.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın Prudensial tənzimləmə departamentinin direktoru Aydan Ağabalayeva X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.

Onun sözlərinə görə, yeni çərçivənin əsas məqsədi xüsusi məqsədli biznes kreditlərinin bütün növlərini vahid tənzimləmə mexanizmində birləşdirmək, risk əsaslı prudensial tələbləri tətbiq etmək və bankların iri investisiya layihələrini maliyyələşdirmək imkanlarını genişləndirməkdir:

“Beynəlxalq Bazel standartlarına əsasən, xüsusi məqsədli biznes kreditləri ənənəvi korporativ kreditlərdən fərqlənir. Belə kreditlər üzrə əsas ödəniş mənbəyi borcalanın mövcud maliyyə vəziyyəti deyil, maliyyələşdirilən layihənin gələcəkdə yaradacağı pul axınlarıdır.

Beynəlxalq standartlarda xüsusi məqsədli biznes kreditlərinin dörd növü müəyyən edilir. Bunlara layihə maliyyələşməsi, obyekt maliyyələşməsi, əmtəə maliyyələşməsi və gəlir gətirən daşınmaz əmlakın maliyyələşdirilməsi daxildir.

Bu kredit növləri üzrə risklər fərqli olduğundan Bazel Komitəsi kapital tələblərini də diferensial qaydada müəyyən edir. Eyni zamanda, layihənin inkişaf mərhələsindən asılı olaraq kapital tələbləri dəyişir. Belə ki, layihə kommersiya fəaliyyətinə başlamayıbsa, risklər daha yüksək olduğuna görə kapital tələbləri də yüksək müəyyən edilir”.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən bank sektoru ilə aparılan müzakirələr və beynəlxalq standartlarda baş verən yeniliklər mövcud prudensial çərçivənin təkmilləşdirilməsi zərurətini yaradıb.

Yeni çərçivədə layihə maliyyələşməsi ilə yanaşı, obyekt, əmtəə və gəlir gətirən daşınmaz əmlakın maliyyələşdirilməsi kreditlərinin də əhatə olunması nəzərdə tutulur. Həmçinin kreditlərin yalnız müstəsna hallarda xüsusi təyinatlı hüquqi şəxslərə (SPV) verilməsi tələbinə yenidən baxılır və müəyyən şərtlər daxilində onların mövcud biznes subyektlərinə də verilməsi imkanları qiymətləndirilir.

Bununla yanaşı, kapital tələblərinin və bir borcalan üzrə limitlərin də yenidən nəzərdən keçirilməsi, tənzimləmənin Bazel standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır.