BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı maliyyələşdirilmiş elektron qaimə-fakturalar barədə məlumatların mərkəzləşdirilmiş qaydada toplanılması və saxlanılması məqsədilə vahid reyestr sistemi yaradacaq.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sektorunun inkişafı departamentinin direktoru Nərgiz Şirəliyeva X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, reyestrin yaradılması maliyyə sektorunda alternativ maliyyələşdirmə imkanlarının genişləndirilməsi və faktorinq əməliyyatlarının stimullaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir.
N.Şirəliyeva bildirib ki, Mərkəzi Bankın 2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf strategiyasına uyğun olaraq bu istiqamətdə iki əsas hədəf müəyyən edilib:
“Bunlar faktorinq əməliyyatlarının stimullaşdırılması və faktorinqdən əlavə, digər aktiv əsaslı maliyyələşdirmə alətlərinin təşviqidir.
Aparılan texniki-iqtisadi əsaslandırma zamanı maliyyə subyektlərinin təqdim etdikləri maliyyələşdirmə məhsullarını idarəetmə imkanlarını məhdudlaşdıran əsas amillərdən birinin texnoloji infrastrukturun yetərincə inkişaf etməməsi olduğu müəyyənləşdirilib. Bu səbəbdən maliyyələşdirilmiş qaimələr reyestrinin (MKR) yaradılması mövcud maneələrin aradan qaldırılması istiqamətində əsas addımlardan biri kimi seçilib.
Bu sahədə qanunvericiliyin təhlili də aparılıb, mövcud boşluqlar müəyyənləşdirilib. Artıq Vergi Məcəlləsinə, Mülki Məcəlləyə və digər müvafiq normativ aktlara dəyişiklik layihələri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırılır”.
Onun sözlərinə görə, alternativ maliyyələşdirmə alətlərinin tətbiqinin genişləndirilməsi üçün texnoloji infrastrukturun yaradılması və qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, maliyyə sektorunda məlumatlılığın artırılması da vacibdir. Bu məqsədlə potensialın artırılması proqramının hazırlanması da nəzərdə tutulur.
N.Şirəliyeva bildirib ki, faktorinq əməliyyatları zamanı həqiqi olmayan qaimələrin təqdim edilməsi və eyni qaimə üzrə təkrar maliyyələşdirmə kimi risklər mövcuddur:
“Yeni reyestr bu halların qarşısının alınmasına, əməliyyatların şəffaflığının və təhlükəsizliyinin artırılmasına, eləcə də etibarlı məlumat mühitinin formalaşdırılmasına xidmət edəcək.
Reyestrin yaradılması prosesində Dövlət Vergi Xidməti ilə sıx əməkdaşlıq edilib. Həmçinin bankların, bank olmayan kredit təşkilatlarının (BOKT), faktorinq şirkətlərinin, eləcə də alıcı və təchizatçıların maraqları nəzərə alınıb”.