BAKI, 24 noyabr. TELEQRAF

Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsində 2 milyard ABŞ dollarından çox maliyyə boşluğu mövcuddur.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Məhsul və Anbar Qəbzləri layihəsinin meneceri Kirilo Muxomedyаnov X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.

Onun sözlərinə görə, bu məbləğ kənd təsərrüfatı sektorunun illik maliyyələşmə ehtiyacını əks etdirir:

“Fermerlər hər il məhsul yetişdirmək üçün dövriyyə kapitalına ehtiyac duyurlar. Eyni zamanda, kənd təsərrüfatının inkişafı və müasir texnologiyalara keçid daha böyük maliyyə vəsaiti tələb edir.

IFC-nin məhsul və anbar qəbzləri təşəbbüsü çərçivəsində fəaliyyət göstərdiyi ölkələrdə kənd təsərrüfatının ÜDM-də payı 5-15 faiz arasında dəyişir. Bu ölkələrə Azərbaycanla yanaşı, Ukrayna, Albaniya, Gürcüstan və Kosovo daxildir.

Həmin ölkələrdə kənd təsərrüfatı sektorunun maliyyələşməyə çıxışı məhduddur və bankların ümumi maliyyələşməsinin yalnız 3 faizə qədəri bu sahəyə yönəldilir”.