BAKI, 24 noyabr. TELEQRAF

Avropada faktorinq əməliyyatlarının ÜDM-də payı orta hesabla 12–13 faiz təşkil edir. Azərbaycanda isə bu göstəricinin 1 faizdən aşağı olması ölkədə faktorinqin inkişafı üçün böyük potensialın mövcudluğunu göstərir.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə Ölkə Məsləhət və İqtisadiyyat bölməsində Aktivlərə əsaslanan maliyyələşmə layihəsinin meneceri Teymur Heybətov X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.

O bildirib ki, banklar və maliyyə təşkilatları faktorinq məhsullarını kifayət qədər yaxşı tanısalar da, özəl sektorda, xüsusilə iri şirkətlər arasında bu alətlər barədə məlumatlılıq aşağıdır:

“Hesab edirik ki, faktorinqin Azərbaycanda inkişaf potensialı çox böyükdür.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərərkən milli platformanın yaradılmasına çalışırıq. Bunu faktorinq platforması və ya ümumilikdə aktivlərə əsaslanan maliyyələşdirmə platforması adlandırmaq olar. Belə platformanın əsas məqsədi maliyyə təşkilatları ilə biznes subyektlərini vahid məkanda birləşdirməkdir.

Təsəvvür edək ki, banklara yüzlərlə müştəri invoyslarla müraciət edir və 60 və ya 90 günlük ödəniş müddəti olan invoysların diskontlaşdırılmasını istəyir. Bu prosesin həyata keçirilməsi üçün çoxlu sayda işçi tələb olunur və əməliyyat xərcləri artır.

Məhz buna görə də bu prosesə texnologiya tətbiq etməliyik. Texnologiyanın köməyi ilə xərcləri azalda və hər bir maliyyə təşkilatına daha çox müştəri ilə işləmək imkanı yarada bilərik. Bu, həm faktorinq, həm də “reversiv faktorinq” əməliyyatlarına aiddir”.