BAKI, 24 noyabr. TELEQRAF
Azərbaycanda maliyyə sektorunun təxminən 80 faizi süni intellekt texnologiyalarından istifadə edir. Lakin bu sektorun yalnız 2 faizində tam avtonom sistemlər tətbiq olunur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Data Elmi bölməsinin rəhbəri Ramin Dərvişov X Beynəlxalq Bankçılıq Forumunda 2026 (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, maliyyə sektorunda tam avtonom süni intellekt sistemlərinin tətbiqinin məhdud olması başadüşülən vəziyyətdir:
“Çünki bu sahədə qəbul edilən hər bir qərar birbaşa maliyyə nəticələrinə səbəb ola bilər və həmin nəticələrin neqativ olması ciddi problemlər yarada bilər.
Bu baxımdan maliyyə sektorunda tam avtomatlaşdırma hələ arzu olunan səviyyəyə çatmayıb. Hazırda insanın qərarvermə prosesində iştirakını nəzərdə tutan yanaşmalar üstünlük təşkil edir”.
O bildirib ki, maliyyə sektorunda süni intellekt sistemlərinin tətbiqində insan nəzarətinin müxtəlif mərhələlərinə keçid hələ tam baş verməyib. Bununla belə, mövcud vəziyyətin özünəməxsus və anlaşılan səbəbləri var.