BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycanda 2027-ci ildə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı iki dialoqun keçirilməsi planlaşdırılır.

Bu barədə Teleqraf-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko deyib.

O qeyd edib ki, bu tədbirlərdə iştirak etmək istəyən kifayət qədər geniş auditoriya artıq mövcuddur:

“Birləşmiş Millətlər Təşkilatı olaraq biz, əlbəttə ki, bu təşəbbüsü dəstəkləyirik. DİM dialoqları üçün yeni mövzuların müzakirəsinə və araşdırılmasına böyük maraq göstəririk. Bu gün artıq bir sıra çox yaxşı təkliflər irəli sürülüb. Buna görə də onları hökumətlə birgə nəzərdən keçirəcəyik”.

D. Şlapaçenko bildirib ki, tədbirlərin keçirilməsi məsələsi hökumətlə daha ətraflı müzakirə ediləcək:

“Çünki yekun təsdiq və qərar hökumətin səlahiyyətindədir. Lakin gözləyirik ki, dialoqlardan biri Şuşada, digəri isə Naxçıvanda keçiriləcək.Tarixlər hələ müəyyənləşdirilməyib, mövzuları da hökumətlə müzakirə edirik".