Şirvan suvarma kanalının müasir tələblərə uyğun yenidən qurulması ölkənin suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin azaldılması və əkin dövriyyəsinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) oktyabrın 27-28-də media nümayəndələri üçün təşkil etdiyi mediaturun ikinci günündə məlumat verilib.
Bildirilib ki, layihənin əsas məqsədi Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu, Zərdab, İsmayıllı, Şamaxı və Hacıqabul rayonlarında yerləşən əkinə yararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaqdır.
Layihə çərçivəsində yeni suvarma sistemlərinin yaradılması hesabına 105 950 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulur.
Ümumi uzunluğu 204 kilometr olan yeni Şirvan suvarma kanalının 163,3 kilometrlik hissəsinin dəmir-beton üzlüklə, ötürmə xəttinin 18 kilometrlik hissəsinin monolit beton üzlüklə, 23 kilometrlik hissəsinin isə torpaq kanal kimi inşası planlaşdırılır. Kanalın maksimal suötürmə qabiliyyəti saniyədə 180 kubmetr təşkil edəcək. Kanal boyunca müvafiq hidrotexniki qurğuların da tikintisi həyata keçirilir.
Qeyd edək ki, müvafiq sərəncamın icrasına uyğun olaraq, Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin icrasına 2024-cü ildə başlanılıb.
Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.