BAKI, 29 oktyabr. TELEQRAF

Mərkəzi Bank istehlak kreditləşməsində kəskin genişlənmə müşahidə etmir. Cari ilin 9 ayında istehlak kreditləşməsi 10.7% artıb. Nəzərə almalıyıq ki, ötən illərdə bu göstərici 20-22% dərəcəsində olub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.

O əlavə edib ki, əhalinin borclanma səviyyəsi mütəmadi olaraq qiymətləndirilir:

“Əhali arasında kəskin borclanma vəziyyəti ilə rastlaşmırıq. Kredit portfelinin artımına gəldikdə isə geniş olmasa da, istehlak kreditləşməsində müəyyən artım var. Əsas artım - BGN əmsalı (borc-gəlir nisbəti) 45%-dən aşağı olmalıdır. Bu isə daha az riskli və daha keyfiyyətli borclanmanı ifadə edir. Beləliklə, hazırda əhalinin borclanmasında hər hansı kəskin artım müşahidə etmirik”.