BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycanda bank sektoru enerji keçidinə müştəri şəbəkəsi vasitəsilə, enerji səmərəliliyinin artırılmasına tələbin formalaşdırılması və özəl kapitalın cəlb edilməsi yolu ilə töhfə verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş bankiri və maliyyə institutları üzrə regional rəhbəri Mixail Qreçixo Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, banklar geniş filial şəbəkələri, rəqəmsal kanalları və müştərilərlə birbaşa əlaqələri sayəsində enerji keçidinin təşviqində mühüm rol oynaya bilərlər.
Mixail Qreçixonun sözlərinə görə, banklar bu prosesdə yalnız maliyyə vasitəçisi kimi çıxış etməməli, həm də enerji səmərəliliyinə tələbin formalaşmasına kömək etməlidirlər:
“Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri, eləcə də ev təsərrüfatları enerji xərclərini azaltmaq və daha səmərəli avadanlıqlardan istifadə etmək üçün əlavə məsləhət və dəstəyə ehtiyac duya bilərlər. Banklar müştəriləri ilə əməkdaşlıq çərçivəsində onların enerji istehlakını azaltmaq, xərclərini optimallaşdırmaq və rəqabət qabiliyyətini artırmaq imkanlarını müəyyənləşdirməyə kömək edə bilərlər.
Bankların enerji keçidinə töhfəsinin digər mühüm istiqaməti özəl kapitalın bu prosesə cəlb edilməsidir.
Azərbaycanda kreditlərin ümumi daxili məhsula (ÜDM) nisbəti 35 faiz təşkil edir. Bu göstərici bank sektorunun maliyyələşdirmə imkanlarının genişləndirilməsi və enerji keçidi sahəsində daha fəal iştirak etməsi üçün potensialın olduğunu göstərir”.