BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Bu barədə Teleqraf-a İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər.
Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı Fondun təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək. Yeni həll sayəsində vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Qeyd edək ki, indiyədək İKZF vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.