BAKI, 28 sentyabr. TELEQRAF
Orta Dəhlizin imkanlarından tam istifadə Azərbaycan üçün ümumi daxili məhsulun (ÜDM) əlavə olaraq 1,84 faiz artımını təmin edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının “İnteqrasiya: Trans-Xəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası” adlı hesabatında deyilir.
Hesabatda bildirilir ki, bu artım cari qiymətlərlə təxminən 1,3 milyard dollar məbləğində qiymətləndirilir. Orta Dəhlizin inkişafı Azərbaycanda ümumi məşğulluğun da 1,5 faiz artmasına imkan yarada bilər.
Bildirilir ki, Orta Dəhlizin inkişafı uzunmüddətli perspektivdə marşrut üzrə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3 faiz və ya cari qiymətlərlə təxminən 58 milyard dollar artıra bilər. Bu ölkələrdə ümumi məşğulluğun isə 2,9 faiz artacaq.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca yerləşən 16 prioritet və genişmiqyaslı infrastruktur layihəsinin ümumi dəyəri 25,1 milyard dollar təşkil edir. Bu məbləğin 22,5 milyard dollar dəmir yolu sektorunun payına düşür. Qeyd olunan 16 layihənin təxminən 75 faizi artıq icra mərhələsinə keçib və ya yaxın zamanda həyata keçirilmək üçün hazırlıq mərhələsindədir. Bu layihələr ümumi xərclərin 85 faizini təşkil edir.
Hesabatda qeyd edilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımalarının həcminin 2040-cı ilədək 32,1 milyon tona çatacağı gözlənilir. 2023-cü ildə bu göstərici 8,8 milyon ton olub ki, bu da həmin dövrlə müqayisədə 3,6 dəfə artım deməkdir. Dəhlizin Şərq girişi vasitəsilə ümumi yük axını 2040-cı ilə qədər 28,5 milyon tondan 105,7 milyon tona, Qərb girişi vasitəsilə isə 12,1 milyon tondan 35 milyon tona qədər artacaq.
Bildirilir ki, qeyri-neft yükləri üzrə artım tempi daha yüksək olacaq. Xəzər dənizi vasitəsilə daşınan bu yüklərin həcmi 4,4 dəfə artaraq 3,5 milyon tondan 15,6 milyon tona yüksələcək.