BAKI, 9 noyabr. TELEQRAF

Noyabrın 8-i və 9-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Donetsk və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində yerləşən Rusiyaya məxsus "Starlink" peyk rabitə bloklayıcısına, habelə sursat və maddi-texniki təminat anbarlarına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Zərbələr nəticəsində Rusiyanın xüsusi maneətörədici stansiyası sıradan çıxarılıb. İşğalçılar həmin stansiyanın köməyi ilə ukraynalı hərbçilərin peyk rabitəsini kəsməyə cəhd göstərirdilər", - bəyanatda bildirilib.

Bundan başqa, Ukrayna ordusu Zaporojyenin işğal altındakı Tokmak və Ostrikovka yaşayış məntəqələri yaxınlığında yerləşən sursat anbarlarını, həmçinin Donetskin Krasnoqorovka rayonunda Rusiya ordusunun maddi-texniki təminat obyektini məhv edib.