BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana Xəzər dənizində keçirilən hərbi təlim zamanı hərbçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Xəzər dənizində hərbi təlimlər zamanı Qazaxıstan Silahlı Qüvvələrinin 9 hərbi qulluqçusu həlak olub, 7 nəfər isə itkin düşüb.

Qazaxıstan Müdafiə Nazirliyindən hadisəyə səbəbin təlimlər zamanı hava şəraitinin qəfil pisləşməsi olduğu qeyd olunub. Qazaxıstan Baş Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb və xüsusi komissiya yaradılıb.