BAKI, 23 sentyabr. TELEQRAF
Yaratdığımız kolleksiyaların 30-40 faizi xaricə gedir. Xarici kolleksionerlər bizim xalçalara bir sənət əsəri kimi baxır.
Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
"Çünki onların hər biri məhdud saydadır. Bəziləri 5 ədəd, bəziləri 10 ədəd istehsal olunub. Yaratdığımız kolleksiyalar turizm potensialını da artırır. Gələn insan yarım günlük gəlmir. İki-üç gün burada qalır, Bakımızı görür, bizimlə tanış olur, əsəri görür, rəssamla tanış olur və xalçanın ödənişini burada edib özü ilə aparır. Ona görə bu bir tərəfdən bəlkə də ixrac kimi görünmür, amma dediyim kimi bu xalçaların 30-40 faizi xaricə satılır. İşlədiyimiz bazarlara gəlincə, ABŞ-yə satışlarımız çoxdur. Amma son illər Şərq ölkələrindən maraq çoxalıb, oradan sifarişlər gəlir", - deyə o bildirib.