BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycanın dini konfessiya rəhbərləri 27 sentyabr 2020-ci il tarixinin 6-cı ildönümünü ilə bağlı bəyanat yayıblar.

Teleqraf xəbər verir ki, bəyanatda bildirilib ki, bu tarix bütün bəşəriyyət üçün haqq və ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaq.

"Bizim xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaq!

27 sentyabrda başlanan və 44 gün davam edən savaş düşmənin tam təslim aktı ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Noyabrın 8-də Ermənistanın 30 illik işğalçı siyasətinə son nöqtə qoyuldu. Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyinin şahidi oldu.

Dünya ictimaiyyəti yaxşı bilməlidir ki, bizi 27 sentyabra aparan səbəblər son dərəcə ciddi və danılmaz həqiqətlərdir. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı.

Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları Vətən müharibəsi dövründə və Zəfərdən sonra erməni tərəfinin xalqımıza qarşı həyata keçirdiyi hərbi cinayətləri, yaydıqları dezinformasiyaları və əsassız ittihamları ifşa üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş aparmışıq. Azərbaycanda mülki əhaliyə qarşı cinayətləri bütün dünyada yaymışıq, bütün konfessiyyalar birlikdə dünya birliyinə, beynəlxalq təşkilatlara və dini mərkəzlərə müraciət etmiş, birgə bəyanatlar yaymışıq. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla bir olduq, çiyin-çiyinə haqq mücadiləmizə birgə yardımçı olduq. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar.

Həsrətində olduğumuz Qarabağın azadlığı naminə övladlarımız Allah və Vətən uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Qələbəni Azərbaycan xalqına əmanət etdilər. Qarabağın azad olunması uğrunda, Vətən müharibəsi dövründə Azərbaycanda ənənəvi olaraq mövcud olan tolerantıq və multikultural dəyərlərə istinadən bütün vətəndaşlarımız Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək Vətənə sadiqliklərini nümayiş etdirdilər. Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov, Denis Pronin, Yakovlev, Polovinko, Senyuşkin və b. kimi yüzlərlə qəhrəmanımız doğma Azərbaycan üçün şəhidlik zirvəsinə ucaldılar. Onların əziz xatirəsi əbədi olaraq qəlblərimizdə yaşayacaq və daima ehtiramla yad olunacaqdır Biz ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik.

Bu gün Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri - vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların bərpası, torpaqlarımızın minalardan təmizlənməsi ilə bağlı nəzərdə tutulan və hazırda sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Bərpa olunmuş tarixi məscid binalarından ucalan Azan səsləri, bərpa və yenidən qurulan ibadətgahlar, xristian məbədləri mənəvi dəyərlərini, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycan dövlətinin tolerant dövlət siyasətinin təzahürüdür. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına, nəinki Azərbaycanda, dünyanın müxtəlif nöqtələrində - Vatikanda katakombaların bərpasına, Serbiyada məscid və kilsə bərpasına töhfələrinə bütün dünya şahiddir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənəvi dəyərlərə qayğı və himayəsinin parlaq təzahürüdür.

Biz din xadimlərinin əsas məqsədi - gələcəkdə baş verə biləcək müharibələrin, günahsız insan tələfatının, terror aktları və münaqişələrin qarşısını almaq üçün tarixin dərslərini xatırlatmaqdır. Bu niyyətlə, təqvimimizə Böyük Zəfər yolunun başlanğıcı kimi yazılan 27 sentyabr Anım günündə qəhrəman şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik".