BAKI, 23 sentyabr. TELEQRAF
Bizim komanda “Azərxalça”ya gələndə orta toxucunun yaşı 65 idi. Çox ciddi problem idi. İndi orta toxucularımızın yaşı 45-47 arasındadır. Ortalama 20 yaş gəncləşdirmişik.
Bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
“Bütün emalxanalarımızda daimi təlimlər keçirilir, gənc nəsli dəvət edirik. Bu fonda və məşğulluq çox önəmli bir məsələdir. “Azərxalça”nın unikalığı odur ki, işçilərimizin sayının 85 faizi kənd qadınlarıdır. Rayon qadınları da deyil, kənd qadınlarımızdır. Mədəni irsimizin, tariximizin və xalçaçılıq sənətinin qorunması üçün gənc xanımlarımızı dəvət edirik. Bəs gənc xanımı cəlb etmək üçün nə eləməliyik? Sözsüz ki, bunun arxasında iqtisadiyyat var. Qadın başa düşür ki, işləyib evə pul aparmalıdır. Biz işəmuzd əməkhaqqı tətbiq edirik. İlk gündən toxucularımıza izah edirik, baxın, ilməni keyfiyyətli, sürətli vurmaq çox maraqlıdır, məvacibdə mürəkkəb xalçalara görə ayrı, ipək toxumağa görə ayrı faiz hesablanır. Bizim 85 faiz toxucularımız kənd qadınlarıdırsa, riyaziyyatı çox gözəl bilirlər. İki-üç gün və ya bir həftə işləyəndən sonra başa düşürlər ki, bəli, mən bu sahəni, sənəti öyrənim. Niyə də yox?! Bizim emalatxanamızın nəqliyyatı var. Hər səhər avtobusumuz kəndbəkənd dolaşır, toxucularımızı toplayır, emalatxanaya gətirir, axşam da kəndbəkənd geri qaytarır. Bu da böyük dəstəkdir. Yayda istidə, qışda soyuqda bilir ki, kəndindən avtobusa minəcək, qadın kollektivi ilə işləyəcək, həm yaxşı maaş əldə edəcək, həm də yeni sənət öyrənib xalçaçılıq sənətini qoruyacaq, həmçinin də, sözsüz ki, rahat şəraitdə çalışacaq”, - deyə qeyd edib.